Şriftin ölçüsü :

Saytın rəngi :

“Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində görüş keçirilmişdir

28 sentyabr 2017 | 16:00

27 sentyabr 2017-ci il tarixdə 4 saylı qəsəbə klubunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Azərbaycan Yazarlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə “Canımız Qarabağ, yazımız Qarabağ” layihəsi çərçivəsində rayon ziyalıları, gənclər və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə layihənin rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin müşaviri, Azərbaycan Yazarlar Klubunun sədri, yazıçı-dramaturq-publisist Elçin Hüseynbəyli, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, şair İlqar Türkoğlu,  şairə Gülhamayıl Murad, “Ulduz” jurnalının şöbə müdiri, şairə Fərqanə Mehdiyeva və bəstəkar, şair Zəka Vilayətoğlu  iştirak etmişdir.

Öncə Elçin Hüseynbəyli layihənin məqsədi barədə məlumat vermişdir. O bildirmişdir ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının qrantı əsasında keçirilir və Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin və onun xanımı, birinci vitse-prezident Mehriban xanım Əliyevanın keçən ilin aprel savaşından sonra cəbhə bölgələrinə səfərinin ardınca ordumuza dəstək və Qarabağ uğrunda müqəddəs savaşımıza yazarlar tərəfindən töhfə vermək məqsədi daşıyır.

Yazıçı onu da vurğulamışdır ki, “Canımız Qarabağ, yazımız Qarabağ” şüarı da təsadüfi seçilməyib. “Yazımız” deyəndə həm ordumuzun aprel (Yaz) zəfəri, həm də qələmlə, sözümüzlə düşmənə qarşı vuruşmaq nəzərdə tutulur.

Sonra Bakıdan gələn qonaqlar - şair İlqar Türkoğlu, şairələr Gülhamayıl Murad və Fərqanə Mehdiyeva, bəstəkar, şair Zəka Vilayətoğlu, rayon şairlərindən Musa Astanxanlı, Hidayət Səfərli, Mirzə Mirimli və Kamal Fərhad çıxış edərək öz şerlərini səsləndirmişlər.

Tədbir iştirakçıları yekunda əmin olduqlarını bildiriblər ki, tezliklə torpaqlarımız işğaldan azad olunacaq və Cəbrayıl torpağı yenidən güllü-çiçəkli diyara çevriləcək.

Görüşün sonunda Elçin Hüseynbəyli layihənin gerçəkləşməsində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə və Cəbrayıl Rayon İcra Hakimiyyətinin Başçısına təşəkkürünü bildirmişdir.

Tədbirin axırında yazarlar Cəbrayıl rayon Mərkəzi Kitabxanasına öz kitablarını hədiyyə edib  və  xatirə şəkli çəkdirmişlər. 

 

Keçidlər