Azərbaycan - Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin əməkdaşları işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər
05 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı səfirliyinin razılığı əsasında Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyi Sədrinin birinci muavini Hüseyin Büyükfırat, Azərbaycan-Türkiyə Sənayeçi və İşadamları İctimai Birliyinin Kənd Təsərrüfatı və Heyvandarlıq Komissiyasının Sədri Ahmet Bennan Batur, Türk Hava Yollarının Bakı nümayəndəliyinin rəhbəri Seyfulla İlyas, Cəbrayıl rayon icra hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev və rayonun aidiyyəti məsul şəxsləri işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində olmuşlar.
Türkiyəli işadamlarının səfərdə məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək vermək olmuşdur.
Daha sonra qonaqlar Cocuq Mərcanlı kəndinin bərpadan sonrakı vəziyyəti ilə tanış olmuş və Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidini ziyarət edərək orada xatirə şəkilləri çəkdirmişlər.