Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlı sakinləri doğma yurda qayıdır

05 iyul 2017 | 16:00

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə tikilən yeni qəsəbəyə ilk mərhələdə 4 ailə köçürülüb.
Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın üzvlərinin və Cəbrayıl Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə iyulun 5-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki su təsərrüfatı idarəsinin həyətində və ətraf kənddə məskunlaşmış 4 məcburi köçkün ailəsi öz doğma kəndlərinə yola salınıb.
Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzəliyev jurnalistlərə müsahibəsində bildirib ki, Cocuq Mərcanlı hələ 1994-cü ildə uğurlu Horadiz əməliyyatı ilə işğaldan azad olunmuşdu. Lakin yaxınlıqdakı Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident cənab İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi, müvafiq infrastruktur yaradıldı.
Bu gündən Cocuq Mərcanlıya qayıdışa start verilir. İlk növbədə, 4 ailə köçürülür. Ümumilikdə isə Cocuq Mərcanlıya 25 ailə Bakıdan, 25 ailə digər rayonlardan olmaqla, 50 ailə köçürüləcək. Sakinlər orada öz təsərrüfatlarını yaradacaq, kənd işləri ilə məşğul olacaqlar. Yeni salınan qəsəbədə bunun üçün hər cür şərait yaradılıb. Cocuq Mərcanlıda tikilən evlər qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında püşkatma yolu ilə paylanılıb və köçürülmə işləri bu həftənin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Keçidlər