Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlı sakinlərinin yeni salınmış qəsəbəyə köçürülməsinə başlanılıb

04 iyul 2017 | 16:00

İyul ayının 3-də Cocuq Mərcanlıdan olan məcburi köçkünlərin doğma yurdlarına köçürülməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yaradılmış komissiyanın iclası keçirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı Sərəncamına əsasən tikilən evlər püşkatma yolu ilə qəsəbədə yaşayacaq məcburi köçkünlər arasında paylanılıb.
Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, komissiyasının sədri Gəray Fərhadov çıxış edərək diqqətə çatdırıb ki, hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə - 1994-cü ilin yanvarın 6-da uğurlu Horadiz əməliyyatı ilə Cocuq Mərcanlı işğaldan azad edilmişdi. Lakin Lələtəpə yüksəkliyi düşmənin nəzarətində olduğundan kənddə yaşamaq qeyri-mümkün idi. Hərb tariximizə qızıl hərflərlə yazılmış 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi mövcud təhlükəni aradan qaldırdı. Bundan dərhal sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı Sərəncam imzaladı. İnşaatçılar vaxt itirmədən qəsəbənin tikintisinə başladılar. İlkin olaraq, 50 mənzil və 100 yerlik məktəb binası tikildi. Mart ayının 20-də başlanan tikinti işləri mayın 20-də başa çatdırıldı. Qəsəbədə tikilən 50 evdən 20-si ikiotaqlı, 25-i üçotaqlı, 5-i isə dördotaqlıdır. Su, qaz, elektrik, telefon xətləri çəkilib, su anbarı inşa edilib. Küçələrdə gecə işıqlandırma sistemi qurulub, qəsəbədaxili yollara asfalt örtüyü çəkilib. Dövlətimizin başçısının tapşırığına əsasən, qəsəbədə Şuşa məscidinin bənzəri də inşa olunub.
İyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlıda açılış mərasimində iştirak edib. Sədr müavini bildirib ki, bundan bir gün sonra dövlətimizin başçısı “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 evin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Prezidentin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə vəsait ayrılıb.
İclasda çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cocuq Mərcanlı kənd icra nümayəndəsi Xanlar Zeynalov, kənd sakinləri Avçı Məmmədov, Gülxanım Həziyeva və başqaları onların Vətən həsrətinə son qoyduqları üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Çıxışlardan sonra püşkatma mərasimi keçirildi. Cocuq Mərcanlıdan olan 50 ailə üzvü növbə ilə püşk çəkərək, daimi ocaqlarının yeni ünvanlarına sahib oldular.
Vaxtilə azğın düşmənin yerlə-yeksan etdiyi Cocuq Mərcanlı bu gün gözlərimiz önündə bərpa olunaraq ikinci həyatını yaşayır, doğma sakinləri öz ağuşuna alır. Bu qayıdış torpaqlarımızın azad olunması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və ardıcıl siyasətin məntiqi nəticəsi, Qarabağa Böyük Qayıdışın ilk müjdəsidir.

Keçidlər