Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpası günüdür

18 oktyabr 2024 | 09:52

    Bu il Azərbaycan xalqı dövlət müstəqilliyimizin bərpasının 33 illiyini qeyd edir. XX əsrin sonlarında yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunaraq, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpa etdi.
   2021-ci il oktyabrın 15-də Milli Məclis cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
    Təbii ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə qətiyyət, möhkəm iradə nümayiş etdirərək öz taleyinə sahib çıxdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Əslində, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan möhkəm təməllər üzərində yeni inkişaf yolunu tutdu. Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan edən Ulu Öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində işlərə başladı. Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdən sonra Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatların yüksək kürsülərindən gəldi. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır.
    Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ulu Öndərin çoxşaxəli fəaliyyətinin nəticələrinə əsaslanaraq Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük tərəqqi və inkişafa nail olub. Azərbaycan yerləşdiyi bölgədə cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Milli maraqlara uyğun olaraq beynəlxalq birliyin əksər üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlıq həyata keçirilir. Dövlətimizin başçısının müəyyənləşdirdiyi uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır.
    Ölkəmizə yeni can verən Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndər Heydər Əliyevin bu arzusunu da onun layiqli davamçısı Prezident İlham Əliyev reallaşdırdı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır. Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Bu ilin oktyabr ayında Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanları yola salındı. Akademik M.Mehdizadə adına Cəbrayıl şəhər məktəbinin açılışı oldu, Cəbrayıla həyat qayıtdı və artıq Cəbrayıllılar yenidən öz dədə-baba torpaqlarına yaşamağa başladılar. İşğaldan azad olunmuş ərazilərdə görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir.
    Bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Keçidlər