Şriftin ölçüsü :

Saytın rəngi :

18 avqust Sərhəd Qoşunları günüdür

18 avqust 2022 | 15:07

Bu gün Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günüdür. 18 avqust  1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkənin sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin tərkibində Azərbaycanın ilk Sərhəd Qoşunları dəstəsi yaradılıb.

Ulu öndər Heydər Əliyevin 2000-ci il 16 avqust  tarixli Sərəncamı ilə avqustun 18-i Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınmışdır.

Vətən sərhəddən başlayır. Sərhədi ciddi və etibarlı qorunan Vətən həmişə əzəmətli görünüb. Eyni zamanda, sərhədi möhkəm qorunan dövlətin ticari və iqtisadi inkişafı qaçılmazdır, qlobal təhlükələrdən, xüsusən də terrorizmdən müdafiəsi etibarlıdır. Məhz bu gün sərhədlərimizin qorunması istiqamətində Azərbaycan dövlətinin əhəmiyyətli layihələri mövcuddur. Eyni zamanda qürurla qeyd etmək olar ki, ölkəmizin Silahlı Qüvvələrinin sırasında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin peşəkarlıq səviyyəsi daim yüksəlməkdədir.

Azərbaycan sərhədçiləri bu gün çox şərəfli bir missiyanın öhdəsindən layiqincə gəlirlər. Onlar Vətən qarşısındakı borclarını fədakarcasına yerinə yetirirlər. Əslində onların bu işi Azərbaycan dövlətinin müstəqilliyinin daimi və əbədi olmasına böyük töhfədir.

Bütün Dövlət Sərhəd Xidmətinin əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edir və işlərində uğurlar arzulayırıq!

 

 

Cəbrayıl Rayon İcra Hakimiyyəti

 

Keçidlər