Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının 2016-cı ilin yekunları və 2017-cI ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

01 mart 2017 | 16:00

 

2016-cı ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələr barədə Cəbrayıl rayon İcra hakimiyyətinin başçısı cənab  K.İ.Həsənovun

 

Hesabatı

Dünyada qlobal maliyyə böhranının getdikcə dərinləşməsi, təhlükələrin, risklərin, qanlı müharibələrin artması ilə müşahidə olunan 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli mövqeyi, yüksək siyasi iradəsi sayəsində, təməli Ümummilli lideriimiz Heydər Əliyev tərəfindən qoyulan sabitlik və inkişaf yolu ötən ildə də uğurla davam etdirilmişdir. Milli mənafeyə əsaslanan və xalqın güclü dəstəyini qazanan siyasət, Respublikamızı qlobal miqyasda böyük hörmət  və imic qazanan ölkəyə çevirmişdir. Həyata keçirilən davamlı iqtisadi islahatlar və məqsədyönlü siyasət sayəsində ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda, sənaye, aqrar sahələrinin inkişafı və əhalinin rifah halının yaxşılaşmasında təqdirəlayiq uğurlar qazanmışdır.

Ölkə iqtisadiyyatında ilbəil əldə olunan artım nəticəsində  Azərbaycan dünya ölkələri arasında 134-cü yerdən 79-cu pilləyə yüksəlmişdir. Dünyanın aparıcı iqtisadi beynəlxalq forumu olan Davos ümumdünya iqtisadi forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətinə görə üç pillə irəliləyərək 40-cı pillədən 37-ci pilləyə qalxmışdır.

Böhran ili olmasına baxmayaraq 2016-cı ildə Respublikada bütün sosial proqramlar icra edilib, Respublikanın ayrı-ayrı bölgələrində qaçqın və məcburi köçkün soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində yeni qəsəbələr, şəhərciklər salınmışdır. Dünya ölkələrinin iqtisadiyyatında geriliklər müşahidə olunsa da, ötən ildə qeyri-neft sənayesi 5 faiz, kənd təsərrüfatı 2.6 faiz, maaşlar 7 faiz, pensiyalar isə 8 faiz artmışdır.

 

Ölkə iqtisadiyyatında son illərdə əldə olunan davamlı inkişaf, hərbi potensialımızın ilbəil artırmasına imkan yaratmışdır. Məhz bunun sayəsində Azərbaycan ordusu təmas xəttində tam üstünlüyə nail olmuşdur. Bu ilin aprel döyüşlərində Milli Ordumuz Azərbaycan xalqına qələbə sevinci bəxş etdi. Lələ təpə və Talış kəndi istiqamətində uğurlar qazanaraq strateji yüksəkliklər nəzarətə götürüldü.

Aprel döyüşündə Cəbrayıl rayonundan hərbi xidmətdə olan Qəhrəmanov Ruhim Əşrəf oğlu və İbrahimov Azər Mahmud oğlu qəhrəmancasına döyüşərək şəhid olmuş və medalla təltif edilmişlər.

Ölkə Prezidenti cənab İlham Əliyevin “işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamı Qarabağa  qayıdışın başlanğıcını qoydu. Bu qərar nəinki biz Cəbrayıllılarda, həmçinin bütün Azərbaycan xalqında böyük ruh yüksəkliyi yaradaraq onların sevincinə səbəb oldu.

Cənab Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” köçkünlərimizin sosial müdafiəsinə istiqamətlənmiş Fərmanı bu təbəqədən olan insanlara dövlət başçısı tərəfindən göstərilən diqqət və qayğının davamı oldu. Məhz Fərmana əsasən bu ilin yanvar ayından etibarən kommunal xidmətlərin dəyəri və digər xidmətlər daxil olmaqla müəyyən edilmiş müavinət məcburi köçkünlərin şəxsi hesablarına ödənilir. Bununla köçkünlər kommunal məsrəflərə qənaət etməklə, verilən aylıq müavinətlərin bir hissəsini digər zəruri ehtiyaclarına sərf etmək imkanı qazanmışlar.

Ötən il 26 sentyabrda Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklərlə bağlı keçirilmiş Referendum (Ümumxalq səsverməsi) ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan məsələlərdən biri kimi yadda qaldı. Referendum demokratik və şəffaf şəraitdə keçirilmiş, əldə olunan nəticələr bütövlükdə Azərbaycan xalqının iradəsini ifadə etmişdir.

 

Ötən hesabat ilində Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 79.0 min rayon əhalisi ilə işlək əlaqələr yaratməq məqsədi ilə bütün məskunlaşma ərazilərində səyyar qəbullar keçirilmiş, onların yaşayış şəraiti, məşğulluğu və qeyri problemləri öyrənilərək həlli istiqamətində əməli tədbirlər görülmüşdür. Əhali ilə keçirdiyimiz çoxsaylı görüş və qəbullarda, rayon əhalisini ən çox narahat edən problemlər öyrənilərək ümumiləşdirilmiş və onların hər birinin həlli üçün proqram və perspektivlər müəyyənləşdirilmişdir.

Ötən ilə nisbətən rayon əhalisinin sayı 1126 nəfər və ya 1,4 faiz artaraq 78966 nəfərə çatmışdır.

Keçən hesabat ilində rayon icra hakimiyyətinə xəstəliyi və digər zəruri ehtiyacları ilə əlaqədar müraciət edən aztəminatlı vətəndaşlarımıza imkanlarımız daxilində maddi və mənəvi dəstək olmağa çalışmış, qaldırdıqları hər bir məsələyə diqqətlə yanaşılmışdır. Belə ki, rayon İcra hakimiyyətinə müraciət edən cəmi 1255 nəfər sakinimizə 116.3 min manat maddi yardım göstərilmiş, məcburi köçkünlərə il ərzində 14 milyon 619 min manat yemək xərci müavinəti ödənilmişdir. Ödənişlərin hamısı vətəndaşların şəxsi hesablarına köçürülməklə banklar vasitəsilə aparılmışdır.

Rayon əhalisindən xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin sosial müdafiəsi diqqətdə saxlanmış, rayon qeydiyyatında olan 8474 nəfər pensiyaçıya 17417.4 min manat pensiya, 2587 nəfər sosial pensiyaçıya 2151,7 min manat müavinət, 812 nəfərə 346,8 min manat ünvanlı sosial yardım ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən 9 nəfər 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçısının hər birinə 1000,0 manat, 43 nəfər döyüşçünün dul qadınlarına və 18 nəfər arxa cəbhə iştirakçısının hər birinə 500 manat olmaqla ümumilikdə 38,5 min manat maddi yardım ödənilmişdir. Rayon İcra hakimiyyəti isə Böyük Vətən Müharibəsində qələbənin 71 illiyi ilə əlaqədar veteranlarla görüş keçirmiş və onlara hədiyyələr təqdim edilmişdir.

 

20 minə yaxın rayon əhalisinin məskunlşdığı, birbaşa xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə əhalini narahat edən məsələlər əsasən işsizlik, qəsəbələrin qazlaşdırılması, qəsəbədaxili və qəsəbələri birləşdirən magistral yolun təmiri, 2007-ci ildə istifadəyə verilmiş 5 qəsəbənin içməli su xətlərinin və 1 saylı qəsəbədəki mərkəzi nasosxanadan 9 saylı qəsəbəyə su nəql edən 15120 paqon metr borunun dəyişdirilməsi, qəsəbələr üzrə 125 evin təmiri və 70-ə yaxın ailənin evlə təmin olunması məsələləridir.

 

Əhalinin ən ümdə problemi olan işsizlik məsələsi araşdırılarkən belə nəticəyə gəlindi ki, əhalinin kütləvi məşğulluğu üçün burada ənənəvi kənd təsərrüfat sahələrinin inkişafına önəm vermək daha məqsəduyğundur. Əhalimizin kompakt məskunlaşdığı bu qəsəbələrdə, eləcə də Saatlı, Sabirabad və digər kənd rayonlarında iqlimə görə xarakterik olan kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi mümkündür.

Məhz bunu nəzərə alaraq Ölkə Prezidenti cənab İlham Əliyevin Respublikanın kənd rayonlarıda ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarının icrası olaraq 2016-cı ildə ilkin olaraq 34 hektar sahədə pambıq əkilmiş, bu il isə pambıq sahələri əkininin 100 hektara qədər artırılması nəzərdə tutulmuşdur.

 

Ölkə Prezidentinin ixracyönümlü məhsul istehsalının artırılması ilə bağlı tapşırığına əsasən rayonda ənənəvi sahə olmuş, lakin sonradan məlum hadisələr nəticəsində tamamilə unudulmuş baramaçılığın yenidən dirçəldilməsi istiqamətində ardıcıl işlərə başlanılmışdır. İşağaldan əvvəl Cəbrayıl rayonu Respublika üzrə ən çox barama istehsal edən 10 rayondan biri olmuş və hər il baramaçılarımız 270 tona yaxın barama istehsal etmişlər. Əhalinin məşğulluğu, həm də  gəliri üçün baramaçılığın effektli bir sahə olması nəzərə alınaraq ilkin olaraq ərazidə suvarma suyu ilə təmin olunan 6 hektar torpaq müəyyənləşdirilərək həmin sahədə 14 min ədəd tut tingi əkilmişdir. Yaxın gələcəkdə qəsəbələrdə barama istehsalı üçün tut bağı sahələrinin 40-50 hektara çatdırılması nəzərdə tutulub. Bu məqsədlə əlavə tut tingi və tut toxumu alınması üçün aidiyyəti srukturlarla danışıqlar aparılır.

 

Qəsəbələrdə əməkqabiliyyətli qadınların işə cəlb edilməsi məqsədilə uyğun məşğulluq sahələrinin yaradılması yönündə iş aparılır. İlkin olaraq bu il, 11 saylı qəsəbədə xalçaçılıq müəssisəsi yaradılmış və hazırda həmin müəssisədə 17 nəfər qadın çalışır. Bu sahəyə  marağın artdığını nəzərə alaraq qəsəbələrin hər birində xalça toxunan yerlərin yaradılması üzərində iş aparırıq. Həmçinin Məcburi Köçkünlərin Sosial İmkişaf Fondunun Dünya Bankı ilə birgə Proqramı çərçivəsində, 2017-ci ildə qəsəbələrdə gəlir gətirən digər sosial layihələrin və eləcə də mövcud infrastrukturların bərpası layihələrinin icrası nəzərdə tutulub. Bu məqsədlə hazırda bir sıra mikrolayihələrin icrasına başlamaq üçün qəsəbələrdə icmalar yaradılır.

           

Rayon Məşğulluq Mərkəzi tərəfindən ötən il 201 nəfərə işsizlik müavinəti təyin edilmiş, 47 nəfər vakant iş yerlərinə işə düzəldilmişdir. Özünə məşğulluq proqramı çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu məqsədlə mal-qara və digər materialların alınması üçün 60,0 min manat vəsait ayrılmışdır. Lakin, bu kimi tədbirlər, daimi iş yerlərinin çatışmadığı, əhalimizin kompakt yaşadığı bu qəsəbələrdə işsizlik problemini qismən həll edir. Bunu nəzərə alaraq Məşğulluq Mərkəzi öz xətti ilə ictimai işlərin təşkilinə, yeni iş yerlərinin açılmasına, özünə məşğulluq proqramının genişləndirilməsinə ciddi fikir verməlidir.

  

Keçən il qəsəbədaxili yolların təmiri üçün aidiyyəti üzrə “Dövlətqaşqınkom”a, 11 qəsəbəni birləşdirən magistral yolun əsaslı təmiri üçün isə “Azəravtoyol” ASC-ə müraciət olunmuş və hər iki problemin bu il həll olunması gözlənilir. Belə ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu xətti ilə, ilkin olaraq 2003-cü ildə istifadəyə verilmiş 6 qəsəbənin daxili yollarının əsasslı təmiri üçün lazım olan bütün layihələndirmə işləri tam başa çatdırılmış və yaxın müddətdə işə başlanılacaqdır.

Bu köçkün qəsəbələrində təmirinə ehtiyac yaranan evlərin təmiri, eləcə də növbədə olan 70-ə yaxın gənc ailənin evlə təmin olunması rayon icra hakimiyyətinin daim diqqətində olmuşdur. Hesabat ilində “Dövlətqaçqınkom”un Mənzil İstismar Sahəsi tərəfindən qəsəbələr üzrə 18 evdə təmir - bərpa işləri aparılmış, daimi  yaşayış olmayan 31 ev əvvəlki sahiblərindən razılıq əsasında alınaraq evə ehtiyacı olan digər ailələrə verilmişdir. Qəsəbələrdə 125 evin təmiri ilə əlaqədar tərəfimizdən Komitənin aidiyyəti üzrə Mənzil İstismar Departamenti qarşısında məsələ qaldırılmışdır.

2007-ci ildə istifadəyə verilmiş 1858 evdən ibarət 5 qəsəbənin içməli su xətlərində aşınmaya məruz qalmış 5600 p/m hissə müraciətimz əsasında “Azərsu” ASC tərəfindən 2016-cı ilin iyul ayında plastik borularla əvəzlənmiş, 1 saylı qəsəbənin mərkəz nahiyəsinə toplaşan suyun qəsəbədən kənara axıdılması üçün qəsəbənin kənarından keçən kollektor şəbəkəsinə qədər 1000 metr uzunluğunda yüksək su tutumlu arx çəkilmiş və bununla da 1 saylı qəsəbədə su basma problemi demək olar ki, 70 faiz həll edilmişdir.

 

Ötən il qəsəbələrin təmizlik və abadlığını təmin etmək üçün təmizlik aylığı keçirilmiş, Heydər Əliyev adına partkda yenidənqurma işlərinə başlanmışdır.

 

Cənab Prezidentin 01 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və müvafiq sərəncamlarla bu Proqrama edilmiş əlavələrə uyğun olaraq son 12 il ərzində Cəbrayıl rayonundan olan köçkün ailələrindən 5500 ailə dövlət tərəfindən tikilmiş yeni mənzillərə köçürülmüşdür (Sabirabad rayonu ərazisində Şəhriyar və Güdəcühür qəsəbələri).

Kənd rayonlarında salınmış yeni qəsəbələrdə köçkünlərimizin məskunlaşması, onların mənzil-məişət şəratinin yaxşılaşması ilə yanaşı məşğulluq probleminin də həllində əhəmiyyətli rol oynamışdır. 2016-cı ildə rayon üzrə ümumilikdə 17,0 milyon manatlıq ümumi daxili məhsulun 14,8 milyon manatını kənd təsərrüfatı məhsulları təşkil etmişdir.

 

Cəbrayıl rayonu işğaldan əvvəl və indiki dövrdə həmişə kənd təsərrüfatı rayonu kimi tanınır. Ona gərə də rayon üzrə ümumi daxili məhsul istehsalının əsasını kənd təsərrüfatı təşkil edir. Respublikamızda ötən il kənd təsərrüfatında artım 2,5% olduğu halda, rayonumuzda 6,5% olmuş, rayon üzrə ümumdaxili məhsul buraxılışında aqrar sektorun payı 86,2% təşkil etmişdir.

Rayon üzrə ötən il dənli bitkilərin əkin sahəsi 2646 hektar, məhsul istehsalı 8364,6 tona, hektardan məhsuldarlıq 31.6 sentnerə çatdırılmış, əvvəlki illə müqayisədə məhsul istehsalı 139,6 ton, hər hektardan məhsuldarlıq isə 0.4 sentner artmışdır. Ötən illə müqayisədə tərəvəz, bostan, kartof, şəkər çuğunduru istehsalı da artmış, əksər bitkilər üzrə məhsuldarlıq göstəriciləri yüksəlmişdir.

Əhalinin heyvandarlıq məhsullarına olan təlabatının bütünlüklə daxili istehsal hesabına ödənilməsi istiqamətində də işlər davam etdirilmişdir. Ötən il rayonda iri buynuzlu heyvanların sayı 10372 baş, xırdabuynuzlu heyvanların sayı 114365 baş, quşların sayı 121861 baş olmuşdur. Lakin, etiraf edilməlidir ki, heyvandarlıqda məhsuldarlıq göstəriciləri hələ də aşağıdır. Hazırda bu sahədə əsaslı və dayanıqlı nəticəyə nail olmaq üçün damazlıq və cinsləşdirmə tədbirlərinin genişləndirilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.

Heyvandarlıqda süni mayalanma aparılmasına marağı daha da artırmaq məqsədi ilə Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 №-li qərarına əsasən ötən ilin oktyabr ayından başlayaraq süni mayalanma yolu ilə alınmış hər buzova görə heyvan sahiblərinə 100 manat subsidiya verilməsinə başlanmışdır. Artıq rayon üzrə ötən il 54 heyvan sahibinə 57 baş sağlam buzova görə 5700 manat məbləğində subsidiya verilmişdir.

Hesabat ilində heyvandarlıqda epizotik vəziyyət tam nəzarətdə saxlanılmış, mal-qara və quşlar arasında profilaktiki peyvəndləmə tədbirləri vaxtında aparılmış, nəticədə mal-qara arasında xəstəliklərdən tələfat baş verməmişdir.

 

2017-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalının, o cümlədən, ixracyönümlü məhsul buraxılışının həcminin artırılması sahəsində qarşımızda ciddi tapşırıqlar durur. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji yol xəritəsi”nə uyğun olaraq cari ildə Ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatını yaratmaq, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə dəstək göstərmək məqsədi ilə rayon üzrə taxıl istehsalının 9 min tona, tərəvəz istehsalının 900 tona, kartof istehsalının 500 tona, pambıq istehsalının 140 tona, ət istehsalının 1900 tona, süd istehsalının isə 7500 tona çatdırılması hədəf kimi qarşıya qoyulmuşdur.

 

Aqrar sahədə bitkiçiliyin inkişafı vacib istiqamətlərdən biridir. Rayon əhalisinin istifadəsində olan torpaqların məhdud həcmdə olmasını nəzərə alaraq daha məhsuldar və daha çox gəlir verən bitkilərin əkilməsinə üstünlük verilməsi daim diqqət mərkəzində saxlanılmalı və bununla əlaqədar əhali arasında təbliğat işləri aparılmalıdır.

 

2016-ci ildə rayon büdcəsinin gəlir və xərclərinin icrası mədaxil üzrə  12.9 milyon manat proqnoza qarşı 13.2 milyon manat və ya 101.6 faiz, məxaric üzrə 13.6 milyon manat proqnoza qarşı 12.8 milyon manat, yəni 94.2 faiz yerinə yetirilmişdir. Mədaxilin 11.8 milyon manatı Maliyyə Nazirliyindən verilən dotasiya, 1423.8 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. Yerli daxilolmalar 1352.0 min. manat proqnoza qarşı 1423.8 manat və ya 101.9 faiz yerinə yetirilmişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 10 yanvar 2016-cı il tarixdə keçirilmiş iclasında cənab Prezident yerli rayon icra hakimiyyətlərinə  dotasiyadan asılılığın minimuma endirilməsi barədə tapşırıqlar vermişdir. Rayon ərazisinin işğal altında olması bu sahədə müəyyən obyektiv çətinliklər yaradır. Lakin, bununla belə rayonun yerli büdcəsinin gəlirlərini artırmaq üçün imkanlar axtarılır, köçkün qəsəbələrində kiçik və orta sahibkarlığı genişləndirmək məqsədilə vətəndaşlara fəaliyyət istiqamətinə uyğun torpaq sahələri ayrılır, əkin sahələrinin genişləndirilməsi üçün əlavə torpaq sahələrinin dövriyyəyə qatılması üçün işlər aparılır.

 

Rayon əhalisinin içməli su, suvarma suyu və enerji ilə təminatı icra hakimiyyətinin daim diqqətində olmuş, göstərilən kommunal xidmətləri yaxşılaşdırmağa çalışmışıq. İlin yay fəslində belə içməli su verilişində fasilə yaranmaması üçün qəsəbələrə xidmət göstərən Cəbrayıl Su-Kanal idarəsinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışmış, xəttlərdə obyektiv səbəbdən baş verən qəzaları dərhal aradan qaldıraraq qəsəbələri qrafik üzrə nəzərdə tutulan vaxtlarda yetərincə su ilə təmin etmişlər. İşə göstərilən operativ münasibət nəticəsində il ərzində içməli su ilə bağlı heç bir ciddi narazılıq müşahidə olunmamışdır.

Qəsəbədaxili yollarda daxili imkanlar hesabına qismən təmir işləri aparılmışdır. Bu il həmin yolların əsaslı təmir edilməsi plana salınmış və yaxın günlərdə işə başlanılacaqdır.

Qəsəbələrin enerji ilə təminatı da nəzarətdə saxlanmış, keçən il dekabr ayının bir neçə günü istisna olmaqla qalan vaxtlarda enerji verilişində uzun fasilələr yaranmamışdır.

Lakin, qəsəbələrdə qaz və digər alternativ yanacaqlar olmadığı üçün qış aylarında evlərin qızdırılması da enerjinin üzərinə düşür. Bu da məcburi köçkünlər üçün verilən limitdən artıq sərfiyata gətirib çıxarır. Artıq enerji sərfiyatının yaranmasında israfçılıq halları da istisna deyildir. Enerjidən qənaətlə istifadə edilməməsi yüksək məbləğdə borcun yaranması ilə nəticələnir ki, bu da istehlakçı ilə xidmət təşkilatı arasında bəzən narazılıq yaradır. Belə halların yaranmaması üçün əhalinin maarifləndirilməsi istiqamətində mütəmadi təbliğat izahat işləri aparılsa da təəssüflər olsun ki, israfçılıq meylləri hələ də müşahidə olunmaqdadır. Etiraf etməliyik ki, bu məsələdə vəzifəli şəxslərdən tutmuş, ziyalılara, ağsaqqalara qədər hamının günahı vardır. Məhz adı çəkilən təbəqələr qənaəti birinci növbədə öz ailələrində tətbiq etməli və başqalarına da nümunə olmalıdırlar.

Qəsəbələrdə qazın olmamasının köçkünlərin məişət məsələlərində müəyyən narahatçılıq yaratdığını nəzərə alaraq cənab Prezident növbəti humanist addım atdı. “Dünya Azərbaycanlılarının Həmrəyli Günü” ərəfəsində qəsəbələrin qısa müddətdə qazlaşdırılması barədə tapşırıq verdi. Bununla Ölkə başçısı sanki bu qəsəbələrdə yaşayan köçkünlərə xeyli müddətdir arzusunda olduqları bir bayram hədiyyəsi bəxş etdi.

Məlumat verim ki, tapşırıqdan sonra “Azəriqaz” ASC-nin layihə institutunun mütəxəssisləri qəsəbələrdə qısa müddət ərzində layihələndirmə işlərini başa çatdırdılar və artıq qaz çəkilişinə başlanmışdır. Ən qısa müddətdə  qəsəbələrin qazlaşdırılması nəzərdə tutulur.

 

2016-cı ilin yekunu və 2017-ci ildə qarşıda duran vəzifələrlə bağlı rayonda mövcud olan 1 şəhər və 22 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə hesabat yığıncaqları keçirilmiş, hesabat yığıncaqlarında 2 min nəfərdən çox əhali iştirak etmiş, 122 nəfər çıxış edərək 45 təklif və tənqidi qeyd səsləndirmişlər. Hesabat yığıncaqlarının yekunu Şurada müzakirə edilərək ümumiləşdirilmiş və həllini təmin etmək üçün tədbirlər planı təsdiq edilmişdir.  

Qəsəbədə keçirilən hesabat yığıncaqlarında səsləndirilmiş təkliflər əsasən yararsız enerji sayğaclarının yenisi ilə əvəz edilməsi, qəsəbələrdə məskunlaşan gənc ailələrin evlə təmin edilməsi, daxili ara yolların qumlanması, yol kənarlarında təmizlik işlərinin davam etdirilməsi, baramacılığın inkişafı üçün tut əkini sahələrin genişləndirməsi və işsizliyin azaldılması üçün yeni məşğulluq sahələrinin yaradılması  barədə olmuşdur.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda keçirilən hesabat yığıncaqlarında isə əsasən həmin ərazilərdə fəaliyyət göstərən məktəblərin təmir edilməsi və istiliklə təmin olunmayan məktəblərə istilik sisteminin quraşdırılması, məcburi köçkünlər yaşayan ərazilərdə xeyir-şər yerlərinin tikilməsi və ya qurğular verilməsi, köçkünlərin kompakt yaşadığı məhəllələrə gələn yolların qumlanması məsələləri təklif edilmişdir. Yığıncaqlarda vətəndaşlarımız tərəfindən irəli sürülmüş təkliflərin hər biri ətraflı təhlil edilərək eyni məzmunlu təkliflər birləşdirilmiş və onlardan ən vacibləri tədbirlər planına daxil edilmişdir.

 

Rayon İcra Hakimiyyəti 11 uşaq bağçasının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki inkişafı üçün vaxtaşırı lazımi tədbirlər həyata keçirir. 2 qruplu 11 uşaq bağçasında hər qrupda 20 uşaq olmaqla 440 uşağın təlim-tərbiyəsi ilə 55-i tərbiyəçi, 70-i digər işçilər olmaqla 125 nəfər məşğul olur.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, keçən ilin fevral ayından Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 77.4 min nəfər Cəbrayıllı məcburi köçkünün tibbi müayinəyə cəlb olunması mütəşəkkil qaydada həyata keçirilmiş, rayon İcra hakimiyyətinin məsul işçiləri, əlaqədar xidmət təşkilatları bu işdə fəal iştirak etmişdir. Bu ilin fevral ayının 15-dən əhalinin növbəti tibbi müayinəyə cəlb olunmasına başlanmışdır.

Səhiyyə sahəsində ən böyük problemimiz Mərkəzi Rayon Xəstəxanasında 16 həkim, 5 orta tibb işçisi, Gigiyena və Epidemiologiya Mərkəzində isə 4 həkim, 3 həkim köməkçisi, 1 entomoloq vəzifəsinin  bu günə qədər vakant olmasından ibarətdir.

\

 

2016-2017-ci tədris ilində Cəbrayıl rayon Təhsil şöbəsi üzrə 41 ümumtəhsil məktəbi, o cümlədən 39 tam orta, 2 ümumi orta və 1 Şahmat Uşaq Gənclər İdman məktəbi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərində 8860 şagird təhsil alır. Şahmat məktəbində isə 23 qrup üzrə 227 məktəbli şahmatın sirlərini öyrənir.

Keçən hesabat ilində 14 saylı tam orta məktəbdə idman zalının, İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində 4 sinif otağının və idman zalının yararsız hissəsinin döşəməsi təmir edilmiş, Bakı şəhərində fəaliyyət göstərən 23 saylı tam orta məktəbdə mərkəzləşdirilmiş istilik sistemi quraşdırılmış, Bakı, Sumqayıt şəhərləri və digər rayonlarda fəaliyyət göstərən məktəblərdə isə ehtiyac olan xırda təmir bərpa işləri aparılmışdır.

Azərbaycan Respublikası Qaçqınlar və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən  verilən 24994 manatlıq, 920 dəst  oğlan və qız paltarı alınaraq rayonun ümumtəhsil məktəblərinə paylanmışdır. Təhsil Nazirliyi tərəfindən verilmiş 37848 ədəd müxtəlif adda 83438 manatlıq dərslik pulsuz olaraq bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılmışdır.

2015-2016-cı tədris ilində buraxılış imtahanlarında iştirak edən rayonun 42 ümumtəhsil məktəbindən tam orta təhsil kursu üzrə 9 məktəbin (4 saylı, 5 saylı, 7 saylı, 23 saylı, Əmirvarlı, Süleymanlı, Daşkəsən, Hovuslu, Qovşudlu) XI sinif şagirdləri yüksək, 6 məktəbin (2 saylı, 12 saylı, 8 saylı, 18 saylı, K.Məmmədov adına Böyük Mərcanlı, Dağtumas) XI sinif şagirdləri zəif nəticə göstərmişlər.

O, cümlədən ümumi orta təhsil kursu üzrə 11 məktəbin (3 saylı, 10 saylı, 22 saylı ümumi orta, 25 saylı, Çullu, Sirik, Şahvəlli, 14 saylı, Mehdili, 21 saylı, K. Məmmədov adına B. Mərcanlı) IX sinif şagirdləri  zəif nəticə göstərmişlər.

Rayonun ümumtəhsil məktəblərinin 11-ci sinfini bitirən 691 şagirddən 426 nəfəri ali məktəblərə sənəd vermiş, onlardan 287 nəfər,  əvvəlki illərin məzunlarından isə  23 nəfər olmaqla 310 nəfər respublikanın  müxtəlif   ali təhsil müəssisələrinə, 35 nəfəri isə orta ixtisas məktəblərinə - ümumilikdə 345 nəfər qəbul olaraq tələbə adını qazanmışdır. Qəbul olunan məzunlardan 19 nəfəri 600-dən yuxarı bal toplamışdır. Ənənəvi olaraq bu il də rayon İcra Hakimiyyəti tərəfindən 600-dən yuxarı bal toplayan məzunlara topladıqları bala müvafiq olaraq pul mükafatı təqdim olunmuşdur.

Belə ki, 8 məktəb (Quycaq, 4 saylı, 5 saylı, 23 saylı, Süleymanlı, Daşkəsən, Hovuslu, Qovşudlu) ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərmişdir. Qeyd etmək lazımdır ki, yüksək nəticəyə nail olmuş məktəblərlə yanaşı aşağı nəticə göstərmiş məktəblərimiz də vardır. (Sirik, Çullu, 7 saylı, 12 saylı, 8 saylı, 10 saylı, 18 saylı, Dağtumas, K.Məmmədov adına Böyük Mərcanlı).

       2015-2016-cı tədris ilində  fənn olimpiadalarının Respublika turunda iştirak edən 7 nəfər şagirddən 1 nəfəri, Daşkəsən kənd tam orta məktəbin IX sinif şagirdi Şahverdiyev Sirac Mübariz oğlu “Gümüş medal”a layiq görülmüş və Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Diplomu“ ilə  təltif olunmuşdur.

Şagirdlərin fiziki hazırlığının yüksəldilməsi daim diqqət mərkəzində saxlanılmalıdır. Bu məqsədlə şagirdlər müxtəlif idman klublarına və məşqlərə cəlb edilməlidir. Təəsüf ki, gənclərin kütləvi şəkildə idmana cəlb olunması lazımi səviyyədə deyildir.

Torpaqlarımızın 20 faizinin işğal altında olması gənclərdə hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onlarda düşmənə barışmaz  münasibətin formalaşdırılmasına ciddi zərurət yaradır. Məhz bunun nəticəsidir ki, bu ilki tədris ilində şagirdlərimizdən iki nəfər Sərhəd Qoşunları Akademiyasına, 3 nəfər Azərbaycan Dövlət Dəniz Akademiyasına, 2 nəfər Milli Aviasiya Akademiyasına və 3 nəfər şagirdimiz isə C.Naxçıvanski adına hərbi liseyə qəbul olaraq təhsillərini bu istiqamətdə davam etdirəcəklər. Lakin, hələ də bu qənatləndirici nəticə deyildir.

Rayon Təhsil şöbəsi hərbi təmayüllü məktəblərə şagird qəbulunun artırılması istiqamətində məktəblərdə maarifləndirici işləri gücləndirməli, keçən tədris ilində buraxılış imtahanlarında (ana dili, riyaziyyat fənlərindən) və ali təhsil müəssisələrinə qəbulda zəif nəticə göstərmiş ümumtəhsil məktəblərində təlim işini yüksəltməli, tədrisin keyfiyyətini artırmaq məqsədi ilə müəllimlərlə ciddi iş aparmalıdır.

\

 

Rayon mədəniyyət müəssisələri əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi üçün bir sıra tədbirlər həyata keçirmişlər. Musiqi kollektivlərimiz hərbi vətənpərvərlik və mədəni hamilik mövzusunda döyüş bölgəsindəki əsgər və sərhədçilər qarşısında mütəmadi olaraq maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Bununla yanaşı qeyd etməliyəm ki, fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əhalinin mədəniyyət və incəsənətə marağının artırılması, asudə vaxtlarının təşkili sahəsindəki fəaliyyətləri bizi qane etmir. Mədəniyyət evlərində, klub və kitabxanalardakı dərnək və məşğələlərə  əhalinin  kütləvi cəlb olunması təmin edilmir. 

Rayonda fəaliyyət göstərən musiqi məktəblərinin fəaliyyəti bizi təmin etmir. Bu məktəblərdə dərslərə davamiyyət və keyfiyyət aşağı səviyyədədir. 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə bağlı sərəncamından irəli gələn vəzifələrin icrası, həmçinin Azərbaycan xalqının zəngin multikultural və tolerantlıq ənənələrinin təbliği, eyni zamanda dini radikalizm və ekstremizmlə mübarizə məqsədilə silsilə tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə ümumtəhsil məktəblərində, idarə və müəssisələrin kollektivlərində, kompakt yaşayış məntəqələrində təbliğat izahat işləri aparılmışdır. Belə ki, bu ilin iyun ayında gənclərin radikal dini qrupların təsirindən qorunması məqsədi ilə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda “Fitnə” adlı sənədli filmi nümayiş olunmuş, məktəblərdə çoxlu sayda multikulturalizm, tolerantlıq, islam dininin yad, radikal təsirlərdən qorunması mövzusunda görüşlər, müzakirələr aparılmışdır .           

Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. Bu məqsədlə də rayonda bir sıra tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.

Rayonda gənclər arasında idmanın inkişafı və kütləviliyinin artırılması, sağlam həyat tərzinin aşılanması, idmana marağın yüksəldilməsi istiqamətində müvafiq işlər görülmüş, onların idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün idman klubları və bölmələr təşkil edilmişdir. Rayon Gənclər və İdman idarəsinin xətti ilə Respublikamızda keçirilən 12 müxtəlif növ idman yarışında 597 gənc iştirak etmiş, qaliblər diplom və fəxri fərmanlarla təltif olunmuşdur.

Rayonda keçirilən ən kütləvi idman tədbirlərdən biri də Biləsuvar rayonu ərazisində yerləşən qəsəbələrdə yaşayan gənclər arasında avqust ayında torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş, Cəbrayıllı şəhidlərin xatirəsinə həsr olunmuş futbol üzrə rayon birinciliyi olmuşdur. Birincilikdə 232 nəfərdən ibarət 16 komanda iştirak etmişdir.

Cəbrayıllı gənclər ölkə səviyyəli intellektual tədbirlərdə də iştirak etmişlər. Bakı şəhərində Qarabağ zonası üzrə keçirilmiş “Xəmsə” Milli İntellektual oyunun zona mərhələsində Cəbrayıl komandası 1-ci yerə çıxaraq final mərhələsinə vəsiqə qazanmış, rayonun “Xudafərin” komandası Gəncə şəhərində gənclər arasında “Xəmsə” VII Azərbaycan Çempionatının final mərhələsində Respublika üzrə 5-ci yerə layiq görülmüşdür. Kompüter oyunları üzrə “X” Milli Azərbaycan Çempionatının zona və final mərhələsində rayonun “İntellekt” komandasının iştirakı təmin edilmişdir.

Cəbrayıl rayon İcra Hakimiyyəti “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”nın tələblərini daim diqqət mərkəzində saxlayır, “Strategiya”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün lazımi tədbirlər həyata keçirir. Lakin bununla belə rayon gənclərinin intellektual səviyyələrinin artırılması, onların ictimai faydalı əməyə cəlb edilməsi,  vətənpərvər, bilikli, qabiliyyətli gənc nəslin yetişdirilməsi üçün bundan sonra da ardıcıl və məqsədyönlü işlər həyata keçirilməlidir. Bunun üçün Rayon Gənclər və İdman idarəsi, əlaqədar təşkilatların rəhbərləri idmanın kütləviliyini təmin etmək üçün yeniyetmə və gənclərlə aparılan işləri daha da gücləndirməlidir. 

 

Vətəndaşlara qayğı və diqqətin artırılması, onların Konstitusiyada təsbit olunmuş hüquqlarının qorunması istiqamətində Ulu öndər Heydər Əliyevin başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan Cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq etdiyi “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunu xüsusi qeyd edilməlidir.

Azərbaycan Respublikası Prezidentinin tapşırığı və tövsiyəsi ilə hazırlanmış yeni qanun müasir dövrün tələblərinə və beynəlxalq hüquq normalarına uyğun olaraq bir çox yeni müddəalarla zənginləşdirilmiş, ilk növbədə vətəndaşların müraciətlərinə baxılmasında tələbkarlığın artırılmasına, onların hüquq və azadlıqlarının dövlət təminatının daha etibarlı surətdə həyata keçirilməsinə yönəldilmişdir. 

Respublika rəhbərliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq vətəndaşların müraciətlərinə yüksək diqqət göstərilməsi, müraciətlərdə vətəndaşları narahat edən məsələlərin vaxtlı-vaxtında, obyektiv və ədalətli həll edilməsi diqqət mərkəzində saxlanılır.

Bu sahədə aparılan işin səmərəliliyinin artırılması nəticəsində ötən illərlə müqayisədə 2016-cı il ərzində vətəndaş müraciətlərində nəzərəçarpacaq azalma müşahidə olunmuşdur. Belə ki, 2016-ci il ərzində Rayon İcra hakimiyyətinə daxil olan müraciətlərin sayı keçən ilə nisbətən 50 faizə yaxın azalmışdır. Ümumilikdə 460 vətəndaş müraciəti daxil olmuşdur ki, bunlardan da 53-ü Prezident Administrasiyasından, 5-i Milli Məclisdən, 75-i Nazirlər Kabinetindən, 45-i respublikanın digər təşkilatlarından olmaqla, ümumilikdə 178 ədədi yuxarı təşkilatlardan, 282 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur.

Müraciətlərin 160-ı müsbət həll edilmiş, 4-ü qismən həll edilmiş, 2-si əsassız sayılmış, 294-ü ilə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilmişdir. Müraciətlərini xronikasını təhlil edərkən aydın olur ki, birdəfəlik maddi yardım göstərilməsi, mənzil və işlə təmin olunma, rayon İcra hakimiyyəti aparatının fəaliyyəti, əhalinin sosial müdafiəsi və digər məsələlər çoxluq təşkil edir.

Hesabat ilində səyyar qəbulların keçirilməsinə böyük önəm verilmiş, əhalimizin müvəqqəti məskunlaşdığı bütün bölgələrdə belə görüşlərin keçirilməsi təmin edilmişdir.

İl ərzində rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və rayon qərargahında 49, Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə 4, Sumqayıt şəhərində 4, Sabirabad, Abşeron, Qaradağ rayonlarında 2, Kürdəmir, Şəmkir, Gəncə, Bərdə, Mingəçevir, Yevlax, Hacıqabul, Şirvan, Cəlilabad, Salyan, Şabran, Şəki, Qax, Zaqatala, Beyləqan, İsmayıllı, Şamaxı, Qobustan və Saatlı rayonlarında 1 dəfə olmaqla ümumilikdə 82 səyyar görüş-qəbul keçirilmişdir. Üç min nəfərə yaxın rayon əhalisinin iştirak etdiyi görüşlərdə ümumilikdə 508 təklif səsləndirilmişdir ki, onlardan da 228-i müsbət həll edilmiş, 278-i barədə müvafiq tədbir görülmüş, 2-nin isə icrası imkan xaricində olmuşdur.

Səyyar qəbullar zamanı vətəndaşlar tərəfindən səsləndirilmiş təkliflərə operativ baxılması və vətəndaşlara yerində ətraflı izahat verilməsi İcra hakimiyyətinə və yuxarı instansiyalara yazılı müraciətlərin azalmasına şərait yaratmışdır. Bunu nəzərə alaraq növbəti ildə rayon sakinlərini narahat edən məsələlərin yerində öyrənilərək həllini təmin etmək, uzaq məsafələrdən onların icra hakimiyyətinə gəlməsininin qarşısını almaq məqsədi ilə belə görüşlərin sayını və səmərəliliyini daha da artıracağıq.

Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şurada 2016-cı il ərzində rayonun sosial-iqtisadi, ictimai-siyası sahələrini, qəbul edilən Dövlət Proqramlarının və Hökumət qərarlarının icrasını əhatə edən məsələlər olmaqla ümumilikdə 32 məsələ müzakirəyə çıxarılmış və hər bir məsələ ilə bağlı müvafiq qərarlar qəbul edilmişdir.

 

Məruzə ətrafında Rayon Kənd təsərrüfatı idarəsinin rəis müavini Əziz Əzizov, Dövlət Sosial Müdafiə Fondunun Cəbrayıl rayon şöbəsinin müdiri Akif Məmişov, Böyük Mərcanlı kənd tam orta məktəbinin direktoru Fəxrəddin Rəhimov,   Mərkəzi rayon Xəstəxanasının baş həkimi Hüseyn Əhmədov çıxış edərək 2016-ci ildə rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat vermişlər

  Prezident Administrasiyasının məsul işçisi Ağaəli Əhmədov və Milli Məclisin deputatı Astan Şahverdiyev yığıncaqda çıxış etmişlər.

 

Keçidlər