Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayılda yenidən xalçaçılıq inkişaf etdirilir

08 dekabr 2016 | 16:00

Xalçaçılıq Cəbrayılda hələ qədim zamanlardan başlayaraq geniş yayılmış sənət sahələrindəndir. Rayonda bütün evlərdə müxtəlif növ xalçalar toxumaq böyük bir adət-ənənəyə çevrilmişdir. Xalçaçılıq Cəbrayıl camaatının həyat tərzi ilə sıx bağlı idi. Toxunan bu xalça növlərində xalqımızın bütün adət-ənənələri və inancları ilmələrdə öz əksini tapmışdır. Cəbrayılda hər bir tarixi hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi var idi. Uşağın doğulması münasibəti ilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar, elçilərin qarşısına sərilən xalçalar, toy və yaxud yas mərasimləri üçün toxunan xalçalar və s.
    Rayonun işğalından sonra bu adət-ənənə bir müddət fəaliyyətsiz qalmış, ancaq buna baxmayaraq rayon camaatı bu ənənəni qoruyub saxlamışdır. Nəhayət bu il Cəbrayıllılar  bu iş yenidən davam etdirməyə başlamışdır. Rayon əhalisinin məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki 11 saylı qəsəbədə 15 nəfər işçinin işlə təmin olunması, eyni zamanda bu adət-ənənənin qorunub saxlanılması üçün yeni xalça toxuma sexi fəaliyyətə başlamışdır.
    7 dekabr 2016-cı il tarixdə həmin sexdə ilk toxunmuş xalçaların  kəsilməsi mərasimi keçirilmişdir. Tədbirdə Cəbrayıl rayon İcra  Hakimiyyəti başçısı Kamal Həsənov iştirak etmişdir. Rayon rəhbəri toxunmuş xalçaları yüksək qiymətləndirmiş və gələcəkdə işçi qüvvəsinin çoxaldılması və istehsal gücünün artırılması üçün lazimi tədbirlər görüləcəyini vurğulamışdır.

Keçidlər