Şriftin ölçüsü :

Saytın rəngi :

15 may- Beynəlxalq Ailə Günüdür

14 may 2025 | 17:33

    Beynəlxalq Ailə Günü Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 1994-cü ildən dünya ictimaiyyətinin diqqətini bir daha ailə problemlərinin həllinə yönəltmək üçün qeyd olunur. Ailə dəyərlərinin üstün olduğu ölkəmiz isə bu ənənəyə 2008-ci ildən qoşulub. Bu günün təsis edilməsində əsas məqsəd beynəlxalq səviyyədə ailələr, onların rifahı, ailənin risk altına düşməsinin qarşısının alınması, həyat şəraitlərinin yaxşılaşdırılmasından ibarətdir.
    Ailə tarixən xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı hesab olunub. Elə buna görədir ki, Azərbaycan xalqı hər zaman ailə dəyərlərini, ailə ləyaqətini uca tutub, bu dəyəri milli adət-ənənəmizə çevirib.
    Ölkəmizdə ailə dəyərlərinin qorunması, təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün bu ənənə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyasında ailənin dövlətin xüsusi himayəsində olmasının göstərilməsi, həmçinin Əsas Qanunumuzun 34-cü maddəsində hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququnun müəyyən edilməsi, nikahın könüllü razılıq əsasında bağlanılmasının təsbit edilməsi, 1999-cu ildə ailə münasibətlərinin tənzimlənməsini özündə əks etdirən Ailə Məcəlləsi kimi hüquqi sənədin təsdiq edilməsi, ailə və uşaq problemlərinin qadın problemləri ilə əlaqəli surətdə kompleks həlli məqsədilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bunu bir daha sübut edir.
    Dövlət ailə, qadın və uşaq siyasəti respublikamızın hər yerində olduğu kimi Cəbrayıl rayonunda da uğurla həyata keçirilir. Belə ki, rayon İcra Hakimiyyətində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Mionitorinq” və “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə” qrupları aidiyyəti qurumlarla birgə dövlət ailə siyasətinin həyata keçirilməsi, ailə institutunun inkişafı, cəmiyyətdə ailə dəyərlərinin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliği məqsədilə ardıcıl tədbirlər həyata keçirir. “Ailələrimizi tanıdaq” layihəsi çərçivəsində sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verən, onu yaşadan uzunömürlü, nümunəvi ailələri müəyyənləşdirir, onlarla görüşlər keçirir, həyat təcrübələrini işıqlandırır. Layihə çərçivəsində keçirilən tədbirlərdə uzunömürlü nümunəvi ailənin üzvləri ilə milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ailə dəyərlərinin qorunması, gənc nəslə çatdırılması, onların evlilik təcrübələrindən yararlanmağın hər zaman önəmli olması, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində söhbət aparılır.

    Ümumi statistikaya əsasən hazırda Cəbrayıl rayonunda 18 min 210 ailə var. Bütün ailələr xüsusilə də aztəminatlı ailələr daim dövlətin diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır və dəstək göstərilir. Mütəmadi olaraq, müharibə veteranlarının, şəhid və qazi ailələrinin, eləcə də hərbi qulluqçuların ailələri mənzil növbəsinə götürülür və növbəli şəkildə mənzillə təmin olunurlar, həmçinin özünüməşğulluq proramı çərçivəsində özünüməşğulluğa cəlb edilirlər. Xüsusi qayğıya ehtiyacı olan ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində də aidiyyəti qurumlar tərəfindən iş aparılır, onlara sosial müavinətlər ödənilir, sosialyönümlü layihələrə cəlb edilirlər. Eyni zamanda davamlı olaraq ailə institutunun qorunub saxlanılması, həmçinin məişət zorakılığı hallarının qarşısının alınması məqsədilə də tədbirlər görülür, ailə-məişət zəminində cinayət və digər hüquqpozmaların qarşısının alınması üçün polis şöbəsində profilaktiki qeydiyyatda olan münaqişəli ailələrlə görüşlər keçirilir və maarifləndirici söhbətlər aparılır.
“15 sentyabr – Bilik Günü” ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən hər tədris ili ənənəvi olaraq aztəminatlı ailələrin uşaqlarına, o cümlədən çoxuşaqlı, təkvalideynli, hər iki valideynini itirmiş, şəhid və qazi övladı olan uşaqlara məktəbli geyim formaları və qış gödəkçələri verilir. Eyni zamanda ənənəvi olaraq rayonun ümumtəhsil müəssisələrini bitirib ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olan məzunlarla, fənn olimpiadasının qalibləri ilə İcra Hakimiyyəti Başçısının görüşü keçirilir. Dövlətimiz tərəfindən görülən bütün bu işlər cəmiyyətin əsas atributu olan ailələrin rifah halının gündən-günə daha da yaxşılaşdırılmasına, müqəddəsliyinin qorunmasına xidmət edir.
    Övladlarını milli adət-ənənələrimiz əsasında əsl vətəndaş kimi böyüdən ailələrimiz xalqımızın milli sərvəti hesab olunur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi “Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır”. Cəbrayıl Rayon İcra Hakimiyyəti xalqımıza məxsus ailə dəyərlərinin yaşadılması və möhkəmləndirilməsi, xüsusən də erkən və qan qohumluğu nikahlarının qarşısının alınması, ümumilikdə bünövrəli və dayanıqlı ailə institutunun qorunub saxlanılması istiqamətində bundan sonra da üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.
Beynəlxalq Ailə Günü münasibətilə şəhid ailələri başda olmaqla, rayonumuzun bütün ailələrini bir daha təbrik edir, onların hər birinə rifah,  uzun ömür və xoşbəxtlik arzulayırıq.

     Bayramınız mübarək!

Keçidlər