12 noyabr 2016-cı il tarixində Cəbrayıl rayonunun bir qrup məktəblisi “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində start götürən növbəti maarifləndirici tur-aksiyaya qoşulublar.
Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Cəbrayıl Rayon İcra hakimiyyətinin, rayon təhsil şöbəsinin məsul işçiləri, valideynlər, müəllim və məktəblilər əvvəlcə burada ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək onun xatirəsin ehtiramla yad ediblər.
Daha sonar isə Şəhidlər xiyabanına gedərək vətən yolunda canlarından keçmiş qəhrəmanlarımızın ruhlarını şad edərək, onların məzarları önünə gül-çicək dəstələri düzdülər. Rayon və kənd məktəblərinin 40 nəfər şagirdindən ibarət qrup Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə maarifləndirici 3 günlük (12-15 noyabr) tur-aksiyada iştirak edəcək.
Yolasalma mərasimində iştirak edən Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva bildirib ki, məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıblar. Qeyd olunub ki, layihənin həyata keçirilməsi ölkə gənclərinin vətənpərvərlik, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunması, məktəblilərin dünyagörüşünün daha da zənginləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Cəbrayıl rayon məktəbliləri də tur-aksiyanın təşkilinə görə cənab Prezidentimiz İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Sonra tur-aksiya iştirakçıları Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola düşüblər.