Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunun işğalının 23-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir

23 avqust 2016 | 16:00

 

23 avqust 2016-cı il tarixdə Cəbrayıl rayonunun işğalının 23-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Tədbirin əvvəlində Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində  salınmış Mədəniyyət və İstirahət parkında Ümummilli lider Heydər Əliyevin heykəli önünə və  "Şəhidlər” Abidə Kompleksində  topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül dəstələri qoyularaq ruhları ehtiramla yad edilmişdir.
Anım tədbiri “Cəbrayıl” sarayında davam etdirilmişdir. Tədbir iştirakçıları topaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad etmiş və  "Haradan başlanır Vətən!” adlı sənədli film nümayiş olunmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Milli tariximizin ən böyük faciələrindən biri olan Cəbrayıl faciəsindən 23 il ötdüyünü, Cəbrayılın ələ keçirilməsi zaman-zaman ermənilərin çirkin niyyətlərinin bir hissəsi olsa da, qəhrəman oğullarının iradəsi sayəsində daim öz varlığını və qürurunu  qoruyub saxladığını bildirmişdir. Mənəviyyatımıza ağır,  sağalmaz yara vuran, tariximizə qara ləkə salan məqamları yada salmaq, xatırlatmaq, qaniçən qonşularımızın bəd əməllərini gələcək nəsillərə çatdırmağın bu gün çox vacib bir məsələ olduğunu xatırladan rayon rəhbəri anım tədbirinin keçirilməsinin bu baxımdan zəruri əhəmiyyət daşıdığını vurğulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışının sonunda ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində doğma torpaqlarımızın işğaldan azad ediləcəyini və  23 avqust gününün Cəbrayılın işğal günü kimi yox, Qələbə günü kimi Cəbrayılda qeyd ediləcəyini bildirmişdir.
Anım tədbirində iştirak edən Milli Məclisin deputatı Astan Şahverdiyev, şəhid ailəsi Məlahət Məhərrəmova və şəhid atası Əşrəf Qəhrəmanov çıxış edərək Ümummilli liderimiz Heydər Əliyev və Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən hər zaman Cəbrayıllılara göstərilən yüksək diqqət və qayğıdan söhbət açmış və tezliklə Cəbrayılın işğaldan azad olunmasını arzulamışlar.
Sonda rayon İcra Hakimiyyətinin başçısı adından tədbir iştirakçılarına ehsan süfrəsi təşkil edilmişdir.
 

Keçidlər