Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 2016- cı ilin birinci yarımilində görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir

19 iyul 2016 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasının yekunları və bu sahədə rayonda görülmüş işlər, qarşıda duran vəzifələr barədə Rayon İcra Hakimiyyətinin başçısı cənab Kamal Həsənovun

 

Məruzəsi

                  Məlumunuz olduğu kimi iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir.

          2016-cı ildən ötən 6 ayda dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam etmiş, yeni münaqişə ocaqları yaranmış, bütün ölkələr demək olar ki, bu və ya digər formada əvvəldən davam edən iqtisadi böhrandan əziyyət çəməkdədir.

          Lakin bundan fərqli olaraq Azərbaycanın uğurlu inkişafı təmin edilir, təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, lakin ölkəmiz inamla inkişaf edir. Bunun təməlində cənab Prezidentin həyata keçirdiyi düşünülmüş siyasət, apardığı islahatlar, gələcəyə istiqamətlənmiş proqramlar dayanır.

          Xarici siyasət və Dağlıq Qarabağ probleminin nizama salınması prosesi də ötən altı ayda xüsusi əlahiddəliyi ilə fərqlənib. Belə ki, son 22 ildə toxunulmaz qalan status-kvo Azərbaycan əsgərlərinin şücaəti ilə dəyişib və ordumuz tarixi qələbə əldə edib. Həmçinin münaqişənin hərbi prosesi çərçivəsində aparılan danışıqlar yeni mərhələyə qədəm qoyub, cənab Prezident Vyana, Sankt-Peterburq və digər danışıqlarına qatılıb.

          Nazirlər Kabinetinin iclasında Ali Baş Komandan kimi İlham Əliyev cənabları sərt bəyanat verdi və əslində Ermənistana sonuncu xəbərdarlığını etdi: yaranmış əlverişli situasiyadan istifadə edərək təcavüzkar dövlət mərhələli həll variantına sadiq qalaraq əraziləri boşaltmalıdır, yoxsa son sözü diplomatlar yox, Ali Baş Komandanın timsalında Azərbaycan əsgəri deyəcək:

          Əgər ötən ilin və cari ilin birinci rübünün sosial-iqtisadi göstəricilərinin o qədər də müsbət olmadığını və milli iqtisadiyyatımızda qlobal böhranın mənfi fəsadlarını daha çox müşahidə edirdiksə, son altı ayın müvafiq nəticələri daha təqdirəlayiqdir və nikbindir. Konkret desək artım dinamikası bütün sahələrdə özünü göstərir.         

     Ölkə Prezidentinin ilin birinci yarısının sosial-iqtisadi inkişafına dair hesabatında ötən altı ayın əsas faktlarını qısaca ümumiləşdirsək:

-         iqtisadiyyata 6,3 milyard dollar sərmayə qoyulub;

-         iqtisadiyyatın əsas sahələri – qeyri neft sənayesi 2,4 faiz, kənd təsərrüfatı 3,1 faiz artıb;

-         yoxlamalar 714 dəfə azalaraq 40 mindən 56-ya düşüb;

-         78 mini daimi olmaqla 90 min iş yeri açılıb;

-         sahibkarlara 73 milyon manat kredit verilib;

-         maaşlar, pensiyalar 10 faiz, gömrükdən daxilolmalar 17 faiz, vergidən isə 2 faiz artıb;

-         yüz mindən çox ailəyə sosial yardım ayrılıb;

-         aztəminatlı ailələrə ucuz mənzillərin inşası prosesinə başlanıb;

-         kənd yollarının tikintisi üçün 200 milyon manat vəsait ayrılıb və.s

Cənab Prezident Nazirlər Kabinetinin iclasında eyni zamanda qarşıya mühüm vəzifələr qoydu və  davam edən islahatların, proseslərin nəzərdə tutulduğu kimi icra edilməsinə qəti tapşırıqlar verdi:

-          Bütün sahələrdə islahatlar dərinləşməli, şəffaflıq təmin edilməli, nəzarət daha da gücləndirilməlidir.

-          Azərbaycan nəinki regional, dünya miqyaslı nəqliyyat mərkəzlərindən birinə çevrilməlidir.

-          İqtsadi potensialı müəyyən edən orta və kiçik sahibkarlığın inkişafı üçün əlavə tədbirlər görülməlidir.

-          Yeni sənaye mərkəzləri və müəssisələri açılmaqla özümüzü bütün sənaye məhsulları ilə təmin etməli və çox ciddi ixrac potensialı yaradılmalıdır.

-          Ərzaq təhlükəsizliyinin təmini və aqrar sektorunun daha sürətli inkişafı üçün taxılçılıq, pambıqçılıq, baramaçılıq, tütünçülük, fındıqçılıq, heyvandarlıq və bu kimi digər sahələrə dövlət qayğısı davam etməli, yeni texnalogiyaların tətbiqini genişləndirməli, nəticə etibarı ilə kənd təsərrüfatında idxala son qoyulmalıdır və s.

Hesabat dövründə Respublikanın ayrı-ayrı bölgələrində məskunlaşmış rayon əhalisinin yaşayış şəraiti, məşğulluğu və qeyri problemlərini öyrənmək məqsədi ilə yerlərdə səyyar görüş-qəbullar keçirilmiş, vətəndaşlarımızı narahat edən məsələləri ümumiləşdirərək həlli istiqamətində müəyyən tədbirlər görülmüşdür.

Ötən müddət ərzində rayonun birbaşa xidmət ərazisi olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə aparılan müşahidələrdən və vətəndaşların müraciətlərindən belə qənaətə gəlindi ki, burada məskunlaşan əhalinin əsas problemləri işsizlik, qəsəbədaxili və magistral yolların təmiri, 2007-ci ildə istifadəyə verilmiş 5 qəsəbənin içməli su xətlərinin və 1 saylı qəsəbədəki mərkəzi nasosxanadan 9 saylı qəsəbəyə su nəql edən 15120 paqon metr trubanın təmiri, qəsəbələrin qazlaşdırılması, qəsəbələr üzrə 147 evin təmiri və 70-ə yaxın ailənin evlə təmin olunması məsələləridir.

Əhalinin ən ağrılı problemi olan işsizlik məsələləri araşdırılarkən belə nəticəyə gəlinir ki, əhalinin kütləvi məşğulluğu üçün burada əsas prioritet sahə olan ənənəvi kənd təsərrüfat sahələrinin inkişafına önəm vermək daha məqsəduyğundur. Ona görə ki, bu qəsəbələrdə hər hansı Respublika əhəmiyyətli zavod və fabriklərin filiallarının açılması bazara çıxış baxımından hələlik bugünkü reallığa uyğun deyil.

Əhalimizin kompakt məskunlaşdığı bu qəsəbələrdə, eləcə də Saatlı, Sabirabad və digər kənd rayonlarında iqlimə görə xarakterik olan kənd təsərrüfatı bitkilərinin əkilib becərilməsi mümkündür.

Cənab Prezidentin tapşırığına uyğun olaraq 2016-cı ildə hər bir iqtisadi zona üçün əlverişli sayılan bitkilərin əkin sahələrinin genişləndirilməsinə başlanılmışdır. Artıq bu il Respublika üzrə 55 min hektardan çox pambıq, 2,1 min hektar tütün  əkilmiş, Respublikamız üçün ənənəvi sahələrdən olan baramaçılıq, çəltikçilik, çayçılıq və digər əhəmiyyətli məhsulların kəskin artımı üçün ciddi tədbirlər görülməkdədir.

Bunu nəzərə alaraq hazırda əhalimizin kompakt məskunlaşdığı kənd rayonları üçün xarakterik olan pambıq və baramaçılığın inkişafını bu qəsəbələrdə də məqbul sayırıq. Bu məqsədlə cari ilin yazında ilkin olaraq qəsəbə ərazisində və İmişli rayonunun ərazimizə yaxın kəndində ümumilikdə 34 hektar sahədə pambıq əkilmiş və aqrotexnikaya uyğun becərilməsi təşkil edilmişdir. Yaxın gələcəkdə isə məqsədimiz qəsəbələrdə pambıq əkinini 100 hektara qədər artırmaqdır. Nəzərə alınıb ki, 11-ci qəsəbə ərazisində xeyli sayda vətəndaşlarımıza pay torpaqlarından əlavə torpaq sahələri  verilib, indi bu ildən artıq həmin torpaqlarda yalnız pambıq əkilməsi tövsiyə olunacaq. Bu əhalimizin işsizlik probleminin həlli üçün, eyni zamanda torpaqdan daha çox gəlir götürmək baxımından çox vacibdir.

Baramaçılıq sahəsi də bizim rayon əhalisinə tanış sahədir. Nisbətən yaşlı nəslə yaxşı məlumdur ki, rayonumuz  sovetlər dövründə Respublika üzrə ən yaxşı 10 baramaçılıq rayonundan biri hesab edilirdi. Barama məhsulunun yetişdirilməsi çox qısa vaxtda yəni 35-40 gün arasında başa gəlir və gəlirlilik baxımından çox sərfəlidir. 1 kiloqram yaş baramanın qiyməti 8 manat və dövlət tərəfindən hər kiloqram üçün 2 manat dotasiya da əlavə edildikdə 10 manata satılır. Ən əsası odur ki, pambıq kimi barama da tədarükçü təşkilat tərəfindən yerində qəbul edilir və dərhal pulu vətəndaşa ödənilir.

Yaxın gələcəkdə qəsəbələrdə barama istehsalı üçün bu ilin payızından etibarən tut bağlarının salınması işlərinə başlamaq niyyətindəyik. Bu məqsədlə rayon Kənd Təsərrüfatı idarəsi tut tingi və tut toxumu  alınması üçün aidiyyəti strukturlarla danışıqlar aparır. Düşünürük ki, payızda hələlik 6 hektar sahədə tut tingi əkə bilərik. Bunun üçün qəsəbə nümayəndələri, sahə nəzarətçiləri, icra hakimiyyətinin və kənd təsərrüfatı işləri ilə məşğul olan xidmət idarələrinin əməkdaşları indidən əhali arasında izahat işləri aparmalıdırlar.

Bu il təkcə pambığın əvvəlki illərdən fərqli olaraq əkin sahəsinin genişləndirilməsi onu göstərir ki, artıq bu ildən başlayaraq kənd rayonlarında işləmək istəyində olan hər kəs üçün iş yeri vardır. Təkcə bu qəsəbələrdən hər gün 200-250 nəfərdən çox sakinimiz bizim və qonşularımızın əkdiyi pambıq sahələrində becərmə işlərinə cəlb olunub. Eyni zamanda yaxınlıqda “Azərsun” Holdinqin Biləsuvar şöbəsində isə 600-dən çox qəsəbə sakini mövsümü işlərə cəlb olunub. Hesab edirik ki, növbəti illərdə bu sahələrin genişləndirilməsi hesabına qəsəbələrdə işsizlik problemi minimum həddə enəcəkdir.

 Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq  2016-cı il 01 fevral tarixindən 30 iyun tarixinə kimi dövlət orqanlarında rayon üzrə 34 nəfər, sahibkarlığın inkişafına verilən dəstək hesabına ümumilikdə 6 ayda 133 nəfərdən çox  rayon sakini daimi işlə təmin olunmuşdur.            

Biləsuvar rayonu ərazisindəki 2003-cü ildə istifadəyə verilmiş 1, 2, 3, 4 saylı qəsəbələrdə daxili yolların əsaslı təmirə, 2007-ci ildə istifadəyə verilmiş 1856 evdən ibarət 5 qəsəbədə isə ara yolların cari təmirinə, 11 qəsəbəni birləşdirən magistral yolun 16,3 km-də təmir-bərpa işlərinın görülməsinə ciddi ehtiyac vardır.

Həmçinin 11 qəsəbə üzrə təmirinə ehtiyac yaranmış 147 evin  təmiri, 70-ə yaxın gənc ailənin evlə təmin olunması narahatedici məsələ olaraq gündəmdədir. Bu ilin iyun ayında isə yağan aramsız yağışlar nəticəsində əsasən 1 və 2 saylı qəsəbələrin ərazilərində subasma halı müşahidə olunmuş, bəzi məhəllələrdə sel suları həyətlərə və evlərə dolmuşdur.

Məlumat üçün bildirim ki, qəsəbədaxili və magistral yollarda təmir işlərinin aparılması, təmirə ehtiyacı olan 147 evin təmiri,  son yaxın dövrdə leysan yağışlar zamanı bəzi məhəllələrdə toplanan su qalıqlarının kənara vurulması üçün su pompalarının verilməsi məsələləri ilə bağlı aidiyyəti üzrə Qaçqınlar Komitəsinə müraciət olunmuş və artıq bu işlərin mərhələlərlə icrası razılaşdırılmışdır.

2007-ci ildə istifadəyə verilmiş 5 qəsəbənin içməli su xətlərində aşınmaya məruz qalmış 5600 p/m hissəsinin dəyişdirilməsi “Azərsu” ASC-nin rəhbərliyindən xahiş olunmuş və artıq iyul ayının əvvəlindən həmin boruların plastik borularla əvəzlənməsinə başlanılmışdır. Layihə tam başa çatandan sonra isə 1 saylı qəsəbədəki mərkəzi nasosxanadan 9 saylı qəsəbəyə su nəql edən 15120 paqon metr trubanın yararsız hissələrinin dəyişdirilməsi gündəmdə olacaqdır.

Fövqəladə leysan yağışlarından müəyyən qədər sığortalanmaq üçün  1 saylı qəsəbənin orta nahiyəsinə toplaşan suyun kənara axıdılması üçün qəsəbənin daxilindən kənarda yerləşən kollektor şəbəkəsinə qədər 1000 metrdən  artıq uzunluqda yüksək su tutumu olan arx çəkilmiş və onun həyətlərə keçid hissəsinə hər birinin diametri 500 mm, uzunluğu isə 5 metr olan 20 ədəd azbes sement turbalar qoyulmuşdur. Bununla da  1 saylı qəsəbədə su basma problemi demək olar ki, 70 faiz həll edilmişdir.

Bu ilin may ayının 10-da Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ümumrayon ağacəkmə iməciliyi keçirilmiş, magistral yolun kənarlarında 1250 ədəd yaşıl ağac əkilmişdir. Əkilmiş ağaclara qulluq göstərilməsi üçün sahələr ayrı-ayrı idarələrə təhkim edilmiş və əksər idarələr əkilən ağaclara yaxşı qulluq göstərdiyindən normal bitiş alınmışdır.

Lakin bununla belə rayon Baytarlıq və Suvarma Sistemləri İdarəsi təhkim edilmiş sahələrində ağacların becərilməsi, mühafizəsini yaxşı təşkil etməmiş nəticədə ağacların xeyli hissəsi qurumuş və ya yanğın nəticəsində məhv olmuşdur. Həmin idarələr bu ilin payızında həmin sahələrdə ağacları bərpa etməli, digər idarə rəhbərləri isə obyektiv səbəbdən bitiş alınmayan ağacların yerinə yeni tinglər basdırmalıdırlar.

Birbaşa xidmət ərazimiz olan qəsəbələrin sanitar-gigenik vəziyyətini yaxşılaşdırmaq üçün iyun ayının təmizlik ayı elan edilməsi barədə Sərəncam imzaladım. Bu Sərəncama əsasən yaradılmış rayon qərargahının və hər bir qəsəbə üzrə işçi qruplarının üzvlərinin aylıq ərzində fəaliyyətlərini ümumilikdə müsbət qiymətləndirmək olar. 

Təmizlik aylığında təsdiq olunmuş tədbirlər planında nəzərdə tutulan işlərin görülmə səviyyəsini müəyyənləşdirmək üçün qiymətləndirmə Komissiyası yaradılmışdır. Komissiyanın ilkin məlumatına görə hələlik bu günə qədər qəsəbələrdə ən yaxşı halda 60-70 faiz iş görülüb və başa çatmayan işlər hələ də davam etməkdədir. Bu məsləyə ayrıca baxılacaq və görülən işlərin dərəcəsinə uyğun hər qəsəbəyə qiymət veriləcək, qalib qəsəbə və küçələr mükafatlandırılacaq.

Birinci yarımildə keçən ilin müvafiq dövrünə nisbətən 19,5 faiz az olmaqla 6 milyon 641 min manatlıq ümumdaxili məhsul olmuş, lakin kənd təsərrüfatı üzrə keçən ilin birinci rübünə nisbətən  5,5 faiz çox olmaqla 5 milyon 667 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

İlin birinci yarısında rayon üzrə 153 nikah qeydə alınmış, 40 boşanma olmuş, doğulan 4 artaraq 555 nəfər, ölən 25  azalaraq 153 nəfər, rayonun qeydiyyatına gələn 152 nəfər, qeydiyyatdan  çıxanlar 24 nəfər olmuşdur.  Ümumilikdə ilin əvvəlindən bəri 402 nəfər  təbii artım, 128 nəfər isə miqrasiya artımı olmuş, rayon əhalisinin sayı 78370 nəfərə çatmışdır. Əhlinin sayı müvafiq dövrə nisbətən 1158 nəfər və ya 1,5 faiz artmışdır.

2016-cı ilin birinci yarısında rayon büdcəsinin gəlir və xərclərin icrası mədaxil üzrə 6 milyon 250,3 min manat proqnoza qarşı 7 milyon 526,3 min manat və ya 120,4 faiz, məxaric üzrə  6 milyon 250,3 min manat proqnoza qarşı 5 milyon 618,9 min manat və ya 89,9 faiz yerinə yetirilmişdir. Mədaxilin 6 milyon 900 min manatı  Maliyə Nazirliyindən verilən dotasiya, 626,3 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. Yarım il üzrə yerli gəlirlər 605,9 min manat proqnoza qarşı 626,3 min manat və ya 103,4 faiz yerinə yetirilmişdir.

Son dövrlərdə  İslam dini pərdəsi altında fəaliyyət göstərən bəzi radikal dini təriqətlərin üzvləri törətdikləri terror əməlləri ilə islamın nüfuzuna ciddi xələl gətirir, dünyada islamafobiya  meyllərini gücləndirir. Bütün bu hadisələrin əsasında İslam dininə yad olan təriqətlərin, radikal dini cərəyanların qanunsuz əməlləri dayanır.  Müqəddəs dinimiz olan İslama qarşı bu cür təhdidlərin qarşısını almaq üçün bütün ziyalılar, din adamları və əlaqədar dövlət qurumları birlikdə iş aparmalıdırlar.

Aldığımız məlumatlardan aydın olur ki, birbaşa xidməti ərazimiz olan qəsəbələrdə də artıq az da olsa qeyri-ənənəvi dini təriqətlərə, cərəyanlara xidmət edən şəxslər vardır. Bunun qarşısını almaq üçün əhali arasında, xüsusən də gənclər arasında maarifləndirmə işləri aparılmalı, ümumtəhsil müəssisələrində tədrisin, təlim-tərbiyənin səviyyəsi yüksəldilməlidir. Bu bir reallıqdır ki, elmi, savadı zəif olan insanlar cəhalətə daha tez meyl edirlər.

Rayon icra hakimiyyəti olaraq biz  dini məsələlərə çox həssas yanaşır və əhalinin maarifləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçiririk. Belə ki, 30 iyun 2016-cı il tarixdə RİH başçısı aparatının məsul işçilərinin, Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon Gənclər Birliyinin əməkdaşlarının, təhsil işçilərinin, Biləsuvar rayonu 1-11 saylı qəsəbələrdə fəaliyyət göstərən rayonun ümumtəhsil məktəblərinin gənc müəllimləri və yuxarı sinif şagirdlərinin, din xadimlərinin  və  gənclərin  iştirak ilə  Biləsuvar rayonu 4 saylı qəsəbə klubunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş  “Fitnə” sənədli filmi nümayiş olunmuşdur. Filmin nümayişində əsas məqsəd gənclərin maariflənməsi, milli-mənəvi dəyərlərimizə bağlılığın gücləndirilməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği olmuşdur.

Bu kimi tədbirlərin davamı olaraq yaxın günlərdə qəsəbədə yaşayan dindarlarla görüşüb fikir mübadiləsi aparılmış, onlardan İslama yad təriqətlərə qarşı sistemli olaraq ideoloji mübarizəni gücləndirmələri  xahiş olunmuşdur.

Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa uyğun olaraq, Respublikanın 54 şəhər və rayonunda məskunlaşmış 78092 nəfər Cəbrayıllı məcburi köçkünlərin tibbi müayinəyə cəlb olunması mütəşəkkil qaydada təşkil olunmuş, bu məqsədlə  rayon İcra hakimiyyətinin məsul işçiləri, əlaqədar xidmət təşkilatları bu işə cəlb olunmuşdur. 

          2016-cı ilin fevral ayının 15-dən may ayının 13-dək ümumilikdə rayon üzrə 70157 nəfər tibbi müayinədən keçmiş, onlardan 67955 nəfər sağlam hesab edilmiş, 1752 nəfər ambulator müalicəyə, 281 nəfər stasionar müalicəyə, 169 nəfər isə Bakı şəhərinin müxtəlif  klinikalarına  müalicəyə göndərilmişdir.

          Milli İmmunoprofilaktika Proqramının tələblərinə uyğun olaraq yoluxucu xəstəliklər üzərində epidemioloji nəzarət sisteminin təkmilləşdirilməsinə diqqət artırılmış, 2016-cı ilin 6 ayı ərzində epizotik plan üzrə nəzərdə tutulan bütün tədbirlər vaxtında icra olunmuşdur.

         

Cəbrayıl rayonunun 2015-2016-cı tədris ilində 44 ümumtəhsil məktəbi, o cümlədən 39 tam orta, 3 ümumi orta, 2 ibtidai və 1 Uşaq-Gənclər Şahmat məktəbi fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində təhsil alan 8631 nəfər şagirdin müxtəlif elmlərə yiyələnməsi və təlim-tərbiyəsi ilə 1564 müəllim məşğul olmuşdur.                     

          Bu il rayonun ümumtəhsil məktəblərinin XI  sinfini  695 şagird,  IX  sinfi  isə 757 şagird bitirmişdir. Onlardan XI sinif üzrə 450 nəfər ali məktəblərə,  IX  sinif üzrə isə 20  nəfər şagird orta ixtisas məktəblərinə - texnikumlara sənəd vermişdir.

         Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və  məktəb binalarının, sinif otaqlarının yeni dərs ilinə hazırlanması diqqət mərkəzində saxlanacaq, tətil ərəfəsində işlərin başa çatdırılmasına ciddi nəzarət olunacaqdır. Rayon Təhsil şöbəsinin rəhbərliyi indidən məktəblərdə ehtiyac olan təmir işlərinə başlamalı və avqust ayının sonuna kimi təmir bərpa işlərini qurtarmalıdır.

        Rayon Mədəniyyət və Turizm şöbəsinin müəssisələri 2016-cı ilin 6 ayında ideoloji təbliğat işini davam etdirmiş, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsini yüksəltmiş, rayon İcra hakimiyyətinin qayğısı və dəstəyi nəticəsində müxtəlif xarakterli rayon tədbirləri hazırlayıb həyata keçirmişlər. Azərbaycan Respublikasının Silahlı qüvvələri günündə 25 və 26 iyun 2016-cı il tarixlərdə şöbənin musiqi kollektivi Murov döyüş bölgəsində olmuş, cəbhə xətində yerləşən hərbi hissənin bölmələrində konsertlər vermişdir. 17 may 2016-cı il tarixdə Mərkəzi Rayon Kitabxanasında “Şəhid qardaşım-Ruhin” başlıqlı sərgi təşkil edilmişdir.

Rayon gənclərində vətənpərvərlik hisslərinin aşılanması üçün işləri gücləndirməliyik. Bunun üçün gənclərin mənəvi tərbiyəsinin, eyni zamanda fiziki hazırlığının artırılmasına cidi fikir verilməlidir. Onların idmanın müxtəlif növləri ilə məşğul olmaları üçün qəsəbələrdə fəaliyyət göstərən idman klubları və bölmələrinin işini canlandırmalı, texniki təminatlarını gücləndirməliyik.     

Bilavəstə xidmət ərazimiz olan Biləsuvar rayonu ərazisindəki qəsəbələrdə  məskunlaşmış əhaliyə yol, enerji, su və kommunal xidmətlər göstərən xidmət idarələrinin rəhbərləri yay mövsümünün başlanması ilə əlaqədar mövsümə uyğun işlərini qurmalıdırlar.

Yol İstismarı İdarəsi qəsəbələri birləşdirən magistral yolda qüsurların aradan qaldırılması üçün tədbirlər görməli, bu məqsədlə müəyyən materialların alınması üçün baş idarələri qarşısında  məsələ qaldırmalıdır.

Əhalini içməli su ilə təmin edən Sukanal idarəsi 7-11 saylı qəsəbələrin içməli su ilə təminatını yaxşılaşdırmaq üçün təmir-bərpa işlərini tezləşdirməli,  sonra isə 1 saylı qəsəbədən 9 saylı qəsəbəyə çəkilmiş su borularının çürümüş hissəsinin dəyişdirilməsi ilə də məşğul olmalıdır.

Suvarma Sistemləri idarəsi əkinlərin  vaxtlı vaxtında suvarılmasına maksimum şərait yaratmalı, xüsusən də yazlıq əkinlərin – pambığın, şəkər çuğundurunun, təkrar qarğıdalı, bostan-tərəvəz və yonca sahələrinin vaxtlı vaxtında suvarılmasını təmin etməli, rayon kənd təsərrüfatı idarəsinin əməkdaşları ilə birlikdə su çıxmayan pay torpaqlarına gedən arxların vətəndaşlar tərəfindən işlənməsi və su ilə bağlı hazırda mövcud olan digər  mübahisələrin həli ilə ciddi məşğul olmalıdırlar.

Qəsəbələrdə kommunal xidməti həyata keçirən Mənzil İstismar Sahəsi mütəmadi təmizlik və abadlıq işlərini davam etdirməli, təmirə ehtiyac olan mənzillərin təmir edilməsi, zibil tullantılarının yığıldığı ərazilərdə səliqə sahman yaradılması ilə ciddi məşğul olmalı, yol kənarlarında əkilmiş ağaclara qulluğu yaxşılaşdırmalı,  qəsəbələr üzrə sahə nəzarətçiləri 2007-ci ildə istifadəyə verilmiş 5 qəsəbədə həyətləri suvarmaq üçün nəzərdə tutulmuş su arxlarının sahibləri tərəfindən təmizlənməsi məsələsini ciddi nəzarətdə saxlamalı, gecikdirmədən bu işə başlamalıdırlar.

İmişli Elektrik şəbəkənin Aranlı (Cəbrayıl) sahəsi ayrı-ayrı qəsəbələrin sahə nəzarətçiləri və qəsəbə nümayəndələri ilə birlikdə qəsəbələrdə normadan artıq enerji sərfiyyatının qarşısını almaq üçün əməli tədbirlər görməli, ayrı-ayrı abonentlərin borcuna görə bütünlüklə qəsəbələrin enerjisinin dayandırılması hallarına yol verməməlidir. 

Rayon Baytarlıq idarəsi yay mövsümündə xüsusi olaraq gücləndirilmiş iş rejimində işləməlidir. Vətəndaşların şəxsi təsərrüfatlarında saxladığı heyvan və quşların epizodik plan üzrə profilaktiki peyvəndləmə tədbirlərini vaxtlı vaxtında yerinə yetirilməsini təmin etməlidir. Xüsusən də insanlar üçün təhlükəli olan quduzluq, brusselyoz və digər bu kimi zoonoz xəstəliklər əleyhinə ciddi profilaktiki tədbirlər aparılmalıdır.

Rayon kənd təsərrüfatı idarəsi, tabeliyində olan xidmət təşkilatları ilə birgə qəsəbə ərazisində gəlirlilik baxımından daha sərfəli hesab olunan kənd təsərrüfatı bitkilərinin əkin sahələrini genişləndirmək üçün əhali arasında maarifləndirmə işləri aparmalı, qəsəbə ərazisi üçün xarakterik olan pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə indidən hazırlıq tədbirləri görməli, lazım olan əkin materiallarının (tut toxumu və tut tingi) tədarükü üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırararaq həllinə nail olmağa çalışmalıdır.

2016-ci ilin 6 ayı ərzində Rayon İcra hakimiyyəti başçısı aparatına 240 vətəndaş müraciəti daxil olmuşdur. Bunlardan 22 ədədi Prezident Administrasiyasından, 3-ü Milli Məclisdən, 46-sı Nazirlər Kabinetindən, 21-i digər Respublika təşkilatlarından olmaqla ümumilikdə 92 ədədi yuxarı təşkilatlardan, 148 ədədi isə birbaşa vətəndaşlardan daxil olmuşdur. Müqayisə üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə RİHB aparatına 343 müraciət daxil olmuşdur ki, onlardan da 77-si yuxarı təşkilatlardan göndərilən vətəndaş müraciətləridir. Göründüyü kimi müraciətlərin ümumi sayında azalma müşahidə olunsa da, yuxarı dövlət orqanlarından daxil olmuş vətəndaş müraciətlərinin sayı artmışdır. RİHB aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr vətəndaş müraciətinin minimumua endirilməsi üçün hər bir müraciətə həssaslıqla yanaşmalı, vətəndaşları narahat edən problemlərin həllinə çalışmalıdırlar.

Cari ilin 6 ayında daxil olmuş müraciətlərdən 94-ü birdəfəlik maddi yardım göstərilməsi, 42-si mənzil, 36-sı işlə təmin olunma və əmək məsələləri, 19-u əhalinin sosial müdafiəsi, 9-u qəbul haqqında, 7-si addəyişmə, 7-si məişət, 4-ü torpaq məsələsi, 3-ü qəyyumluq və himayə, 2-si sahibkarlığın inkişafı, 2-si səhiyyə, 1-i kənd təsərrüfatı, 1-i nikah yaşının azaldılması, 1-i su təhcizatı, 1-i təhsil, 1-i rabitə və informasiya, 1-i məhkəmə qərarlarının icrası, 9-u isə digər məsələlərlə bağlı olmuşdur.

Rayon İcra hakimiyyətinin fəaliyyətində böyük önəm daşıyan səyyar qəbulların keçirilməsi daim diqqət mərkəzində saxlanmışdır. 2016-cı ilin 6 ayında rayon əhalisinin sıx məskunlaşdığı bölgələrdə - Bakı şəhərinin ayrı-ayrı rayonlarında və Rayon Qərargahında 33, Sumqayıt şəhərində 2, Sabirabad rayonunda 2, Abşeron, Qaradağ və Saatlı rayonlarının hər birində 1 dəfə olmaqla ümumilikdə 40 səyyar görüş-qəbul keçirilmişdir. Görüşlərdə 1500 nəfərdən çox rayon sakini iştirak etmiş və onlar tərəfindən 279 təklif səsləndirilmişdir.

Səsləndirilmiş 279 təklifdən 123-ü müsbət həll edilmiş, 156-sı barədə müvafiq tədbir görülmüşdür.

Vətəndaşlardan daxil olmuş təkliflərin1-i qəbul barədə, 2-si gənc ailələrin ailə təsərrüfatından ayrılması, 7-si ölkədaxili qeydiyyat məsələləri, 1-i torpaq, 10-u təhsil, 4-ü səhiyyə, 2-si mədəniyyət, 61-i mənzil, 1-i sosial obyektlərin tikintisi, 2-si sosial obyektlərin təmiri,  24-ü işlə təmin olunma, 2-si əmək haqqı məsələsi, 2-si elektrik enerjisi təhcizatı barədə, 4-ü İçməli su təhcizatı, 8-i yemək xərci müavinəti, 4-ü məcburi köçkün statusu məsələləri, 105-i birdəfəlik maddi yardım göstərilməsi, 4-ü yol, 1-i rabitə, 5-i məişət məsələləri, 1-i müharibə veteranı adı verilməsi, 3-ü ünvanlı sosial yardım və sosial müavinət məsələləri, 5-i pensiya, 1-i plastik kart məsələsi, 1-i minnətdarlıq, 18-i isə digər məsələlərlə bağlı olmuşdur.

Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamənin tələblərinə uyğun olaraq Cəbrayıl Rayon İcra hakimiyyətinin başçısı yanında Şuranın 2016-cı ilin 6 ayında 14 iclasının keçirilməsi nəzərdə tutulmuş və 2-si də əlavə edilməklə ümumilikdə 16 məsələ müzakirə edilmişdir.

2016-cı ilin birinci yarısında Cəbrayıl Rayon İcra hakimiyyətində keçiriləcək müşavirələrin perspektiv İş planına uyğun olaraq 2 müşavirə keçirilmişdir.

 

            Məruzə ətrafında rayonun ayrı-ayrı xidmət təşkilatlarının rəhbərləri çıxış etmişlər.

Keçidlər