“31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
31 mart 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin iclas zalında “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar ümumrayon anım tədbiri keçirilmişdir.
Anım tədbirindən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş rayon şəhidlərinin abidəsi önünə gül-çiçək dəstələri qoyularaq ruhu ehtiramla yad edilmişdir.
Sonra tədbir rayon İcra Hakimiyyətində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev açaraq XIX əsrin sonları, XX əsrin əvvəllərində, xüsusən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər bölgələrdə ermənilərin dinc Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və deportasiya siyasətindən geniş söhbət açmış, erməni vandalizmi, azərbaycanlılara qarşı soyqırımı siyasətinin sonralarda davam etdirildiyini vurğulamışdır.
Azərbaycan xalqına qarşı törədilmiş soyqırıma əsl siyasi-hüquqi qiymətin yalnız Ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyırımı haqqında” fərmanla verildiyin qeyd edən Arif Fərzəliyev bildirmişdir ki, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Ölkə Prezidenti İlham Əliyev cənabları bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, dünya ictimaiyyətinin erməni riyakarlığına son qoymağa çağırmışdır.
Hər il martın 31-ni azərbaycanlıların soyqırımı günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə ermənilər tərəfindən həyata keçirilən soyqırımı, deportasiya və işğal siyasətini pisləyir və soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırıq.
Tədbirdə azərbaycanlıların soyqırımı həsr olunmuş “Sözün bitdiyi zaman” adlı videoçarx nümayiş olunmuşdur.
Anım tədbirini Cəbrayıl rayon İcra Hakimiyyəti başçısı vəzifəsinin icra edən Arif Fərzəliyev yekunlaşdırmışdır.
Anım tədbirində rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, YAP Cəbrayıl rayon təşkilatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisələrin rəhbərləri, ərazi vahidi üzrə nümayəndələr, məktəb direktorları, ağsaqqallar, ağbirçəklər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmişdir.