Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıllı məcbur köçkünlər Novruz bayramı ilə əlaqədar ümumrayon bayram tədbiri keçiriblər.

18 mart 2016 | 16:00

18 mart 2016-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar rayonu 4 saylı qəsəbə klubunun qarşısında Novruz bayramı ilə əlaqədar ümumrayon bayram tədbiri keçirilmişdir.
Bayram tədbirindən əvvəl Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin heykəli önünə gül-çiçək dəstələri qoyularaq ruhu ehtiramla yad edilmişdir.
Sonra bayram tədbiri Biləsuvar rayonu 4 saylı qəsəbə klubunun qarşısında davam etdirilmişdir. Tədbirdə bayram xonçaları hazırlanmış, novruz tonqalı qalanmışdır. Bayram tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev açaraq Novruz bayramı münasibəti ilə Möhtərəm Prezidentimiz İlham Əliyev  cənabları başda olmaqla  xalqımızı, həmçinin  bütün Cəbrayıl camaatını səmimi qəlbdən təbrik etdi.  Novruz bayramının evlərə xoş ovqat, hər ocağa bol sevinc, ruzi-bərəkət gətirməsini dilədi  və  belə bir gözəl bayramın gələcək illərdə işğal altında olan öz doğma Cəbrayılımızda qeyd olunmasını arzuladı.
Sədaqət Ağayevin aparıcısı olduğu bayram tədbirinin bədii hissəsi olduqca maraqlı keçdi. Kosa və keçəlin şən, məzəli çıxışları, həmyerlimiz, Respublikanın əməkdar artisti, Azərbaycan İncəsənət Universitetinin dosenti Yaqut Abdullayevanın, həmçinin rayonumuzun tanınmış müğənniləri Elman Məmmədov, Zəminə Hüseynova, Vüsal Zamanov, Xankişi Xankişiyev, rayon Mədəniyyət və Turizm şöbəsinin müğənniləri Fatma Əhmədova, Sədaqət Ağayev və Cəmilə Əsədova bir-birindən gözəl ifaları tədbir iştirakçılarında gözəl əhval-ruhiyyə yaratdı. Rayon idman məktəbinin karateçiləri bir-birindən maraqlı idman hərəkətləri ilə, həmçinin rayonun İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin qızlardan ibarət rəqs qrupu rəngarəng rəqsləri ilə bayram iştirakçılarına xoş ovqat bəxş etdilər.
Tədbirdə rayonunun “Xudafərin” Futbol klubunun idmançılarının İmişli rayonunda “U-13 liqası”nda keçirilən yarışlarda 3-cü yer qazanması münasibəti ilə rayon Gənclər və İdman İdarəsinin Fəxri Diplomlar ilə təltif olundu. 
      Bayram əhval-ruhiyyəsi yaşayan rayon sakinlərinin  ən böyük arzusu növbəti belə  bir gözəl bayramın işğal edilmiş torpaqlarımızda – Qarabağımızda, doğma Cəbrayılımızda keçirmək oldu.
  Bayram tədbirinin sonunda rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Arif Fərzəliyev Ölkə Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə təşkil olunan “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyasında iştirak edəcək orta məktəb şagirdləri ilə görüşdü və onlara uğurlar arzuladı.
  Bayram tədbirində min nəfərdən çox rayon sakini iştirak etmişdir.

Keçidlər