“Xocalı Faciəsi”nin iyirmi dördüncü ildönümü ilə əlaqədar anım tədbiri
Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Xocalı faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə bağlı bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
Faciənin iyirmi dördüncü ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayonun bütün idarə və müəssisələrində, rayon əhalisinin daha sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərindəki iri yaşayış məntəqələrində, Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş, rayonun fəaliyyət göstərən mədəniyyət ocaqlarında, klublarda Xocalı faciəsinə həsr olunmuş xüsusi tamaşalar nümayiş etdirilmiş, bütün ümumtəhsil məktəblərində Xocalı faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
26 fevral 2016-cı il tarixdə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə Kompleksinin önündə Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar ümumrayon anım tədbiri keçirildi.
Anım tədbirində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyuldu və ruhları ehtiramla yad edilərək dualar oxundu.
Anım tədbirini giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev açaraq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələrinin və keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində etnik azərbaycanlılara qarşı həyata keçirilən soyqırım haqqında geniş məlumat verdi.
Tədbirdə çıxış edənlər Xocalıda xalqımızın başına gətirilən müsibətlərdən söhbət açdılar və soqırımın qurbanlarına Allahdan rəhmət dilədilər.
Anım tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırdı.
Anım tədbirində rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 358 nəfər iştirak edirdi.