20 yanvar faciəsinin qurbanları anıldı
Cəbrayıl rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 20 Yanvar faciəsinin iyirmi altıncı ildönümü ilə bağlı bir sıra silsilə tədbirlər həyata keçirilmişdir.
06 yanvar 2016-cı il tarixdən 20 yanvar 2016-cı il tarixdək rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayonun bütün idarə və müəssisələrində, rayon əhalisinin daha sıx məskunlaşdığı Bakı və Sumqayıt şəhərlərindəki iri yaşayış məntəqələrində, Biləsuvar rayonu ərazisində salınmış qəsəbələrdə anım tədbirləri, konfrans və mühazirələr təşkil edilmiş, rayonun fəaliyyət göstərən mədəniyyət ocaqlarında, klublarda 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi tamaşalar nümayiş etdirilmiş, bütün ümumtəhsil məktəblərində "20 Yanvar" faciəsinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.
Yerlərdə keçirilən tədbirlərin yekunu olaraq 20 yanvar 2016-cı il tarixdə əvvəlcə Biləsuvar rayonu 4 saylı qəsəbə ərazisində salınmış "Şəhidlər” Abidə Kompleksində 1990-cı ilin 20 yanvarında sovet imperiyasının işğalçı niyyətinə qarşı mübarizədə şəhid olmuş həmyerlimiz Səxavət Quliyevin, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin abidələri önünə gül-çiçək dəstələri qoyularaq ruhları ehtiramla yad edilmiş, sonra tədbir rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
Tədbir iştirakçıları sovet imperiyasının işğalçı niyyətinə qarşı mübarizədə şəhid olanların, həmçinin torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş Şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Anım tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev giriş sözü ilə açaraq 20 Yanvar faciəsi haqqında məruzə ilə çıxış etmiş, sonra isə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunmuşdur.
Anım tədbirini rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev yekunlaşdırmışdır.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, məktəb direktorları, YAP fəalları, Şəhid ailələri, Qarabağ müharibəsi veteranları və rayon ictimaiyyətinin nümayəndələri olmaqla ümumilikdə 400 nəfər iştirak etmişdir.