Şriftin ölçüsü :

Saytın rəngi :

1 saylı Cəbrayıl qəsəbəsində səyyar görüş-qəbul keçirilib

08 oktyabr 2026 | 15:36

Bu gün Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1 saylı Cəbrayıl qəsəbəsində sakinlərlə görüşüb və vətəndaşların səyyar görüş-qəbulunu keçirib. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı aparatın əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisələrin rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Səyyar görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov oktyabr ayının 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayının əhəmiyyətindən geniş söhbət açıb. Qurultayın Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdiyi yeni mərhələdə qarşıda duran əsas hədəfləri müəyyənləşdirən siyasi platforma kimi diqqəti özünə çəkdiyini bildirib. Rayon rəhbəri qeyd edib ki, YAP-nın VIII Qurultayı Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay olmaqla yanaşı, həm də ötən dövrün siyasi yekunlarına nəzər salmaq, yeni mərhələdə qarşıda duran vəzifələri müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Azərbaycanın keçdiyi tarixi yolun, əldə edilmiş Zəfərlərin və qarşıdakı strateji hədəflərin geniş mənzərəsini ortaya qoyur.
Qəbul zamanı vətəndaşların müraciəti dinlənilib. Qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə müzakirələr aparılıb, həlli mümkün olan müraciətlər dərhal həllini tapıb. Digər məsələlərin icrası ilə bağlı isə müvafiq qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib. Rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri tədbirlər görüləcəkdir.
Qəsəbə sakinləri dövlət başçısının əhalinin rifahına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, problemlərin həllinə yönəlmiş tədbirlərdən razılıqlarını ifadə ediblər.

Keçidlər