Şriftin ölçüsü :

Saytın rəngi :

Yaşasaydı 32 yaşı olardı

03 oktyabr 2021 | 16:00

Oktyabr ayının 4-də 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan olan Hacıyev Fərid Təşkilat oğlunun doğum günüdür. Fərid Hacıyev 04 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1995-ci ildə X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd orta məktəbinin birinci sinfinə qədəm qoymuşdur. 2003-cü ildən təhsilini İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində davam etdirərək, 2006-cı ildə həmin məktəbi bitirmişdir. 2006-cı ilin oktyabr ayından 2008-ci ilin aprel ayına qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Vətənə olan sevgisi onu 2012-ci ildən müddətdən artıq xidmət edən  hərbi qulluqçu kimi fəaliyyət göstərməyə sövq edir. 2016-cı ilin aprel döyüşlərində F.Hacıyev xüsusi fəallıq göstərmişdir. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında Hacıyev Fərid Təşkilat oğlu 30 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Peşəkar hərbiçi ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə",  "Xocavəndin  azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ruhunuz qarşısında baş əyirik!  Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər