Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Aslanov Şikar Davud oğlunun doğum günüdür

09 iyun 2021 | 16:00

Aslanov Şikar Davud oğlu 1970-ci il iyun ayının 10-da Cəbrayıl rayonunun Süleymanlı kəndində anadan olmuşdur. İlk təhsilini Süleymanlı  kənd orta məktəbində alan Şikar 1987-ci ildə həmin məktəbi bitirir. 1988-ci ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır, 1990-cı ildə hərbi xidmətini başa vuraraq vətənə dönür və Daxili İşlər Nazirliyinin post-patrul xidmətində polis serjantı kimi xidmətə başlayır. I Qarabağ müharibəsində torpaqlarımızın erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Əsasən Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edərək düşmənin atəş nöqtələrini peşəkarcasına susdurmuşdur. 1992-ci il iyul ayının 2-də gedən növbəti döyüş əməliyyatı zamanı Şikar snayper gülləsinə tuş gələrək ağır yaralanır. Cəsur döyüşçünü hospitala çatdırsalar da həyatını xilas etmək mümkün olmur və gözlərini dünyaya əbədi olaraq yumur. Elimizin qəhrəman oğlu Ş.Aslanov doğulduğu Süleymanlı kəndində də dəfn edilir. Subay idi. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Aslanov Şikar Davud oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Hazırda təhsil aldığı Süleymanlı kənd tam orta məktəbi onun adını daşıyır. Ruhunuz qarşısında baş əyirik! Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

Keçidlər