Şriftin ölçüsü :

Saytın rəngi :

TƏYİNAT: QARABAĞA

10 oktyabr 2020 | 16:00

4 oktyabr... Cəbhə bölgəsinə getmək istəyirdim. Oğlum Arazla yola çıxırdıq. Səhər-səhərdən başlayan əlaqə yaratmaq istəyimiz axşam tərəfinəcən çəkdi. Axır ki, qısa əlaqə mümkün oldu. Elə ilk andaca nəvəmdən soruşdum:
   “...Başına dönüm, dədə, hardasınız? Gəlmək istəyirik”.
   “Cəbrayıldayıq. Yox, gəlməyin”.
   “Yaxşı, işlər necədir?”
   “Yaxşıdır, elə şumlamışıq ki, nə əksən bitər”.
   Müharibəni görmüş 90-cı illərin bütün döyüş əməliyyatlarının şahidi kimi bu kodla danışığın mahiyyəti mənə aydın idi. Demək olar ki, elə hər sözün mənasını yetərincə başa düşürdüm. Əlbəttə, mənim əvəzimdə kimsə telefon danışığında çəkilən Cəbrayıl adının bizim aramızdakı anlaşmada nə demək olduğunu, bəlkə də, çoxları başa düşməzdi və mən də, bəlkə də, heç bu barədə yazmazdım.
   Duyurdum, zaman ayrı zamandı. Karvan gəldiyi yoldan geri qayıdırdı. Ali Baş Komandana Ordunun və xalqın – bu iki fenomenin inamı dünyaya səs salmışdı. Ali Baş Komandan, Ordu və Xalq! Üç böyük vəhdət! Azərbaycan xalqının tarixi taleyində yeni eranın başlanğıcı! Cəsarətin, gücün birliyi!..
   Artıq ağrının üzü geriyə qayıdan zaman idi. Açığı,  bu kod danışığının mahiyyətini anlasam da inanmağım gəlmədi. Sözü sakit qarşıladım. Axı nəvələrim o istiqamətdə deyildi. Bəlkə, daha odlu tərəfdə idi, amma o tərəfdə deyildi.
Hər halda danışıq mənim yolumu kəsmişdi, səfərdən qalmalı olmuşdum. Geriyə qayıtdım, evə çıxdım. Pencəyimi çıxarıb bir tərəfə atdım. Televizorun düyməsini həyəcansız basdım. Deyəsən, heç təzə bir xəbər də gözləmirdim. Təsadüfdən    Türkiyə kanalından açılan televizorda  “Cebrayıl kendi işqaldan azad olunub” sözlərini oxudum. Bilmirəm, bəlkə də, düşüncəm keyləşmişdi. Nədənsə heç bir həyəcan duymadım. Çox güman ki, ilkin düşüncəmə gələn Cocuq Mərcanlıdan o tərəfə Arazboyu kəndlərdən biri özünü diktə etdi: İllər boyu ruhuma, varlığıma yığılmış ətalət imkan vermirdi ki, bir az dərininə düşünüm. Çevirdim kanalı Cəbrayılın azad olunmaq xəbəri gəldi. Otaqda ikimiz idik; dədə-baba diliylə desək, baş yoldaşımla mən. İllərin ağrısını birgə çəkdiyimiz, həsrəti, ayrılığı birgə yaşadığımız xanım key-key baxmağımı görüb  birdən qışqırdı: “Ay Əlirza, niyə durmusan, görmürsən, Cəbrayıl alınıb?”
   Qoy bir az hisslərimi saxlayım.
   İllər boyu acığım gələn söz olub: “Cəbrayıl qayıtsın”, “Qarabağ qayıtsın”. İndi həsrətimin ağrılarını, acılarını mənimlə bölmüş adam – həyat yoldaşım millətə “dərs” demək iddiasında olan çoxlu siyasətçilərdən fərqli olaraq “Cəbrayıl qayıdıb” demədi. “Cəbrayıl alınıb” -dedi.
   Elə bil yuxudan ayıldım. 27 il, 1 ay, 15 günlük yuxu. Bir neçə ayıda keçsəydi, lap Robinzonun kimsəsiz adadakı ömrünün əkizi olardı. Deyilənə görə Robinzonun prototipi  iki onilliyəcən güclə insanlığını qoruyub və sonra vəhşiləşib.
   Deyilənə görə Cəbrayılın işğaldan azad olunma xəbərini kimsə yaşadığı evin qabağında “Daha mən qaçqın deyiləm, mənə qaçqın deməyin” sözləri ilə qarşılayıb.
   Ayıldım, nə ayıldım. Gözlər olsun görməsin.
   Birdən məni hönkürtü tutdu. Son ayların pandemiya gərginliyi, əvvəli xof, vahimə, sonrası intizar, gərginlik, birdən-birə başlanan müharibə, nəvələrimin döyüş səhnələri... Bütün bunlar mənim iradəmi sındıra bilməmişdi.
   ...Deyirlər insan ağır zərbədən sınır. İlk dəfə anladım ki, sevincin də dəhşəti varmış, hədsiz sevinməyin də sərhədi ölümün ağzınacan gələrmiş.
   Necə hönkürdüm... İllər boyu həsrətimin ağrısını mənimlə çəkən xanım başımı qucağına aldı. Məni ovundurmaq istədi. Deyəsən, ilk dəfə idi ki, gücsüz idi. Çünki o, özü də hönkürüb ağlayırdı.
   Və elə bu zaman kəskin və ardıcıl, eyni zamanda  telefonlarımın dördünə də birdən  zənglər gəlməyə başladı. Bəlkə də, həmin zənglər olmasaydı, həmin anda həyəcanın, yaşadığım hisslərin intəhasızlığı əhədimi kəsəcəydi, ürəyim bu həyəcanlara davam gətirməyəcəkdi. Bəlkə də, ən böyük vicdani borc olardı, o zənglərin adını, ünvanını olduğu kimi yazmaq. Amma yaza bilmirəm, ona görə yaza bilmirəm  ki, az qala min nəfərə qədər adamın adını ardıcıllığı ilə sıralamağa iradəm, gücüm çatmaz.
   Əlbəttə, dostlarımdan adımı, ünvanımı axtaran, tapan, bəlkə də, on yerə əl atıb telefon nömrəmi öyrənən Azərbaycan ziyalılarının – Azərbaycan ziyalılığının bircə adı var; bu böyük həsrətin axırına çıxmış, sevinmək haqqı qazanmış insanın sevincinə şərik olmaq gücündə olan kəsdir. Onun adını nə qədər böyük istəklə çəkəsən, yenə o hissləri əvəz edə bilməz.
   Türkiyədən, Rusiyadan, İrandan, İsveçdən, Almaniyadan, Amerikadan...  zənglər gəldi.  Hərə bir cür hisslərini bölüşürdü. Əslində, onlar təkcə məni təbrik eləmirdi, həm də öz həsrətlərini dilə gətirir, özlərini ovudurdu.
   Hələ qonşular...  yaşadığım dördüncü mərtəbənin qapısını basaraq açanlar, bizi – həyat yoldaşımı və məni bağrına basıb öpənlər - gənc gəlinlər, qızlar, döyüşdə olan nəvələrimin həmyaşıdları, məktəb və tələbəlik dostları, hamısı bizim övladlarımızdır - necə həyəcanla gözyaşlarını bizim göz yaşlarımıza qatdılar. Mənimlə birgə sevinmək üçün gələn az-çox tanış olan, olmayan hər kəs mənimlə - bizimlə birgə sevinmək üçün gəlmişdilər. gəlmişdilər sözü çox sakit axardadı. Mənanı tam ehtiva etmir... özlərini çatdırmışdılar.
    Ayrı-ayrı bulaqlar olmasa çaylar hardan yaranar?!.
    Cəbrayılın icra hakimiyyətindən Fəridə xanım zəng elədi. Mən burada  Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin, dövlət strukturunda olan nüfuzlu məmur sisteminin təmsilçisi olan  adamların adlarını çəkmədim. Onların hər biri      Cəbrayıl adını uca tutaraq mənimlə danışırdı. Amma Fəridə xanım deyəndə ki, Cəbrayıl Rayon başçısı və əməkdaşları adından danışıram. Bu, bir daha mənə əminlik yaratdı ki, doğma yerin, torpağın, yurdun təmsilçisi olanlar inamlarını ifadə edirlər - o cümlədən, mənim də doğma yerlərdən qopmadığıma olan inamlarını.
    Evin içindəcə yaşadığım yandırıcı hisslərin təsiri altında mənə gələn zənglər elə bil ki, varlığımda, düşüncəmdə işıq yolu açmışdı. Cəbrayılın işğaldan azad olunmağı bir daha özümü tanımağıma, özümü tanımaq üçün özümə baxmağıma qapı açmışdı. Bu günəcən davam edən və az qala min adı, ünvanı keçməkdə olan zənglərin hamısının haqqını öz üzərimə götürə bilmərəm. Bu, Cəbrayıla sevgi, ümumi düşüncədə  Cəbrayılın mənim arenamda görünən tərəfi idi.
   Nəvələrim Cəbrayıl istiqamətində olmasa da, onların ölümlə üzbəüz çarpışmada babalarını düşünən tərəfinin mahiyyəti mənə indi aydın olurdu.
   Kəlbəcər, ya Cəbrayıl... nə fərqi?!
   Ağrıdan üzü geriyə...  İndi hər günü nəvələrimlə birgə səngərin içində üzü düşmənə tərəf gözlərimi açıram.
   Azərbaycana həqarət edən düşmənin düşük başçısına deyirəm ki, nəvələrimin timsalında əlim tətikdədir, ölümünü gözlə!..
                                                                                                            ***
   Düz 45 il bundan əvvəli yadıma saldım. Təyinatım Cəbrayıla verilmişdi. İş yerim, Cəbrayıl Rayon İcraiyyə Komitəsinin ikinci mərtəbəsi idi -  “Xudafərin” qəzeti redaksiyası.
   İndi həmin gün - Cəbrayıl işğaldan azad olunan gün mən yeni təyinat aldım.
  Təyinat: Qarabağa!!!
   İnsan necə birdən-birə  az qala bir qərinəlik yolu təzədən qayıda  bilərmiş? Yurdun cazibəsi nə qədər böyük imiş?
   Mən yeni təyinatıma doğru gedirəm...
   -ÜZÜ QARABAĞA!!!

   Əli Rza XƏLƏFLİ,
  “Kredo” qəzetinin baş redaktoru, şair – publisist,
   Beynəlxalq Rəsul Rza mükafatı laureatı
 

Keçidlər