Şriftin ölçüsü :

Saytın rəngi :

YENƏ AVQUST AYI GƏLDİ...

22 avqust 2020 | 16:00

HİDAYƏT SƏFƏRLİ

         Yenə avqust ayı gəldi... Yayın ən isti, ata-babalarımızın təbirincə desək, qorabişirən ay. Bu il isə tamamilə fərqli olaraq son on ilin ən sərin ayı. Həm də türk qardaşlarımızın gəlişi ilə ürəyimizə su çiləyən ay. Başqalarını deyə bilmərəm, mənim üçün avqust çox fərqli bir aydı. Nə qədər isti olsa da, bu ayın ağrı-acılarından, hələ də bizləri göyüm-göyüm göynədən yurd itkisindən üşüyürəm. Bu ay yaddaşıma Şişqaya və Daşbaşı şəhidlərinin adlarını həkk edib. Hələ də onların və cəmi şəhidlərimizin müqəddəs ruhları qarşısındə gözü kölgəli, başı aşağıyam.
         Yenə avqust ayı gəldi... O ay ki, qaranlıq, zülmət, şər addım-addım üzərimizə gəlir, bizi Arazboyu kəndlərimizə üz tutmağa məcbur edirdi. Sonu görünməyən məchulluğa yol almışdıq hər birimiz. Horadiz yolunun bağlanacağı təhlükəsi bir məngənətək sıxırdı hər kəsi. Düşünürdük ki, din qardaşlarımız beynəlxalq hüququn tələblərindən irəli gələn vəzifələri yerinə yetirəcək, addım-addım sərhədə yaxınlaşan yağı düşmənə dur deyəcək. Sərhəd və cənubdakı soydaşlarımız son ümid yeri idi bizlər üçün. Amma yenə də iki od arasında qaldıq. Üz tutduğumuz od yandırdı bizi...
            Yenə avqust ayı gəldi... O ay ki, Cəbrayılımızın dağlıq hissəsi düşmən tapdağı altına, aran kəndlərimiz yarımcan hala düşdü. Didərginlik həyatımız başladı. Haramının ucsuz-bucaqsız çölləri minlərlə insanı öz ağuşuna aldı:

Qızmar yay istisi qarsdı üzləri,
Fələk dağ adamın dağdan düşüdü.
Bitib tükənmədi köç karvanları,
İlan mələr çöldə qəlbim üşüdü.


              Yenə avqust ayı gəldi… İyirmi yeddinci avqust ayıdı bu. Bu avqusta qədər ağır, məşəqqətli çadır həyatı yaşadıq. Yaşadıq da demək olmaz. Uyğunlaşmağa çalışdıq, amma bacarmadıq. Yeni doğulan körpələrimizə Ümid adını qoyduq, dünyasını dəyişənlərimizi torpağa əmanət etdik. Hər yeni xəbərdən ümidləndik. Gün aya, ay ilə döndü… Müstəqilliyimiz naminə çətinliklərə sinə gərdik. Neftdən gələn ilk gəlirləri Ulu Öndər bizim mənzil-məişət şəraitimizin yaxşılaşdırılmasına  yönləndirildi. Yavaş-yavaş özünə gələn, dirçəlməyə başlayan gənc dövlətimiz  yeni qəsəbələr saldı, çadırlar ləğv olundu. Gözlərimiz önündə pərvazlanan Ordumuzun hər bir görüntüsündən qürrələndik. Dünya ictimaiyyətinə haqlı olduğumuzu çatdırdıq…
                Yenə avqust ayı gəldi… Bu avqustadək Aprel Zəfərini yaşadıq. Ordumuz nəyə qadir olduğunu düşmənə göstərdi, dost sevindi, düşmən xar oldu. Nəhayət də Cəbrayılımızın bir parçası olan Cocuq Mərcanlımıza qovuşduq, Lələ təpəyə üçrəngli bayrağımızı sancdıq.


Yoxdu gedib gələni,
Yağı qurub tələni.
Sonda aldıq Lələni;
Artdı şərəf-şan, Vətən,
Gözün aydın, can Vətən!


                  Yenə avqust ayı gəldi…Bu avqust ərəfəsində Tovuz döyüşləri adlı tarixi qəhrəmanlıq səlnaməmiz yazıldı. Zəfər itkisiz olmur. General Polad Həşimovu və döyüş dostlarını itirdik. Azərbaycan döyünən bir ürək oldu, dünyaya bir daha haqq səsini hayqırdı. “Arxalı köpək qurd basar” deyiminə söykənən yağı düşmənin ağzı ovuldu. Həmişə olduğu kimi, dar məqamda canı bir, qanı bir türk qardaşlarımız səsimizə hay verdilər, “biz azərbaycanlı qardaşlarımızın yanındayıq” deməklə gücümüzə güc qatdılar. Türkiyə-Azərbaycan Ordularının birgə təlimi düşmənə yerini göstərdi, göz dağı oldu. Türk əsgərinin gəlişindən qürrələndik:

Bir millətik, iki dövlət əzəldən,
Doyammarıq bu söz adlı gözəldən.
Verəmmərik bu son şansı biz əldən;
Mən nələr çəkmişəm bildinmi, qardaş,
Gəlişin mübarək, gəldinmi, qardaş!


                    Yenə avqust ayı gəldi… Bu avqust o birilərinə bənzəmir. Artıq bıçaq sümüyə dirənib, səbr kasası dolub. Döyüş alnımıza yazılıb. Gənclərimiz səfərbərliyə yazılaraq Ali Baş Komandanın əmrini gözləyir. Bu avqust bizim üçün son ağrılı avqustdu, məncə…Zəfər soraqlı xəbərlər gözləyir bizi…Növbəti avqust ayını dogma Cəbrayılımızda qarşılamaq ümidilə:

Keçidlər