Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatı kəskin şəkildə pisləməlidir

16 iyul 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində həyata keçirdiyi hərbi təxribatın məqsədi Azərbaycan Ordusunun nəzarət etdiyi mövqeləri ələ keçirməkdən ibarət olub. Təsadüfi deyil ki, sözügedən təxribatdan sonra Ermənistan Müdafiə Nazirliyinin rəsmi “Twitter” hesabından paylaşılan məlumatda bildirilir ki, düşmən ölkənin müdafiə naziri David Tonoyan ATƏT-in Minsk qrupunun şəxsi nümayəndəsi Andrey Kaspşiklə sonuncu görüşündə yeni strateji mövqelər ələ keçirməklə bağlı niyyətlərini ifadə edir. Mülki sakinlərimizin düşmənin ağır texnikasının hədəfinə tuş gəlməsi isə faşizm nümunəsi olmaqla Ermənistan dövlətinin əsl xislətini ortaya qoyur.
   Hərbi təxribatın fundamental səbəbi Ermənistan daxilindəki sosial, iqtisadi və siyasi vəziyyətdən qaynaqlanır. Getdikcə daha da dərinləşən sosial-iqtisadi gərginlik və Paşinyanın siyasi rəqiblərinə qarşı repressiv fəaliyyət həyata keçirməsi düşmən ölkədə dərin böhrana səbəb olub. Belə bir məqamda ölkə ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədilə Paşinyan xarici faktorlardan istifadə etmək yoluna əl atıb. Bir sözlə, Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxarmağa hesablanıb.
   Digər tərəfdən Azərbaycanın dünyada nüfuzunun, çəkisinin gündən-günə daha da artması, beynəlxalq mövqelərinin daha da güclənməsi Ermənistanı qıcıqlandırır. Ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Ermənistanı ciddi narahat edir.
    Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib. Ordumuz tərəfindən həyata keçirilən əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib. Əks-tədbirlər çox adekvat xarakter daşıyıb, təcavüzkarın təxribatına qətiyyətli cavab verilib.
   Yaranmış vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət bilməlidir ki, Tovuz rayonu Dağlıq Qarabağ və ətraf rayonlarla sərhəddə yerləşmir bu da o deməkdir ki, Ermənistan öz işğalçılıq siyasətini qanunsuz işğal edilmiş ərazilərdən əlavə digər bölgələrimizədə tətbiq etmək arzusundadır. Lakin Aprel döyüşləri və ordumuzun son əks-tədbirləri onlara dərs olsun. Həmçinin Tovuz rayonunun ərazisindən Avropa İttifaqına daha dəqiq desək İtaliyaya ixrac olunan enerji kəmərləri keçməkdədir. Bu hadisə ilə bağlı İtaliya rəsmilərinin Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəkləyən bəyanatlarını eşitdik və həmçinin bir çox Avropa rəsmiləri öz enerji təhlükəsizliklərindən bəhs etdi, maraqlıdır Ermənistanın bu təcavüzkar siyasətini görən və  Avropanın sərhədində baş verə biləcək müharibənin onların enerji təhlükəsizliklərinə ağır təsir göstərə biləcəyini dərk edən Aİ niyə təcavüzkara qarşı layiqli ağır sanksiyalar tətbiq etmir? Axı, onların enerji təhlükəsizliyinin təmini üçün onlara o enerjini göndərən dövlətin, yəni Azərbaycanımızın ərazi bütövlüyü prinsipi tam təmin edilməlidir.
   Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir.

Keçidlər