Şriftin ölçüsü :

Saytın rəngi :

Xarici İşlər Nazirliyinin əməkdaşları Cocuq Mərcanlıya səfər edib

05 aprel 2019 | 16:00
      Aprelin 4-də Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib. Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunduğu cari ildə həyata keçirilən səfərin əsas məqsədi 2016-cı ilin Aprel döyüşlərinin ildönümündə düşmən işğalından azad edilmiş ərazilərimizə baş çəkmək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgər və zabit heyəti ilə görüşmək, eləcə də Cocuq Mərcanlı kəndində aparılmış abadlıq işləri  və təmin edilmiş təhlükəsizlik tədbirləri ilə yaxından tanış olmaqdır.
      Nazir müavinləri Ramiz Həsənov və Nadir Hüseynovun rəhbərliyi altında xüsusi tapşırıqlar üzrə səfirlərdən və struktur bölmə rəhbərlərindən ibarət nümayəndə heyəti əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında  şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə əklil və tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Sonra nümayəndə heyyətinin üzvləri Cocuq Mərcanlı kəndinə gedən yolun kənarında Aprel zəfərinin ildönümü ilə əlaqədar şəhidlərimizin xatirəsinə ağac əkiblər.
     Cocuq Mərcanlıya gələn qonaqlar klub icma mərkəzində Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi və kənd sakinləri ilə görüşüb. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov Cocuq Mərcanlı kəndi haqqında məlumat verib. Bildirib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin Aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel ayında erməni təxribatına cavab olaraq keçirdiyi əks hücum əməliyyatı nəticəsində yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq mümkün olub.
     İşğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda Prezident İlham Əliyevin sərəncamları ilə 150 fərdi yaşayış evinin, məktəb binasının, uşaq bağçasının, tibb məntəqəsi, poçt və klub-icma mərkəzi üçün binaların, Şuşa məscidinin bənzərinin və digər zəruri infrastruktur obyektlərinin tikintisi həyata keçirilib, “Qayıdış” parkı salınıb. Cocuq Mərcanlı sakinləri 24 illik köçkünlük həyatından sonra öz doğma yurdlarına dönüblər. Kənddə sakinlərin məşğulluğu və kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaradılıb. Azərbaycan Ordusunun Aprel döyüşlərindəki qələbəsi, Cocuq Mərcanlının yenidən qurulması və kənd sakinlərinin yurda qayıdışı onu göstərir ki, biz öz torpaqlarımızı işğal altında qalmasına razı olmayacağıq və azad ediləcək bütün yaşayış məntəqələrini Cocuq Mərcanlı kimi bərpa edəcəyik.
    Xarici işlər nazirinin müavini Ramiz Həsənov bildirib ki, respublikamızın ən böyük problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin ölkəmizin mənafeyinə uyğun nizama salınması Azərbaycanın xarici siyasətində prioritet istiqamətdir.
Diqqətə çatdırılıb ki, ölkəmizin Silahlı Qüvvələrinin ön cəbhədə nümayiş etdirdiyi qəhrəmanlıq və şücaət Azərbaycan əsgərinin Vətənə bağlılığını, qətiyyətini göstərir. Bu, hər bir azərbaycanlını sevindirir. Azərbaycanlı deputatlar da öz növbəsində, ölkəmizin maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması istiqamətində davamlı addımlar atırlar.
    Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri ilə görüş keçirilib. Qonaqlar kənddə salınan “Qayıdış” parkında və Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı məscidində olub, burada şəhidlərin ruhuna dua oxuyublar.
 
 
 
 
 
 
 
 
 
Keçidlər