Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın inkişafına dövlət dəstəyi öz bəhrəsini verir

07 dekabr 2018 | 16:00
   Cəbrayıl rayonunda baramaçılığın inkişaf etdirilməsi üçün yaxşı ənənə və böyük potensial var.  Uzun illər baramaçılıqla məşğul olmuş Cəbrayıllı kümdarlar tədarük etdikləri baramanın məhsuldarlığına və keyfiyyətinə görə respublikada öncül yerlərdə olmuşlar.
   Rayonun ərazisi işğal edildikdən sonra  bu sahəyə diqqət azalmış, xüsusən ipək qurdunun bəslənməsi üçün müvafiq yerlərin, yem bazasının sıradan çıxması kənd təsərrüfatının gəlirli sahələrindən biri olan baramaçılığa marağı azaltmışdır.
  İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi Cəbrayıl rayonunda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərməkdədir. Təsadüfi deyil ki, son iki ildə rayonda kənd təsərrüfatının bu sahəsinə maraq göstərənlərin sayı xeyli artıb.
   Bunu nəzərə alaraq sakinlərimizin məşğulluğunun təmin edilməsi, kənd təsərrüfatının gəlirli sahələrindən biri olan baramaçılığın inkişaf etdirilməsi məqsədi ilə son illərdə rayonumuzda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
   İlkin mərhələdə ipəkqurdu üçün yem bazasının yaradılması məqsədi ilə 2016-17-ci illərdə respublikamıza Çin Xalq Respublikasından idxal edilmiş 20000, daxili istehsaldan  isə 13000 ədəd olmaqla ümumilikdə 33000 ədəd tut tingi rayona gətirilmiş və sakinlər arasında bölünərək əvvəlcədən bu məqsəd üçün ayrılmış torpaq sahələrində əkilməsi təmin edilmişdir.
   Yem bazası yaradıldıqdan sonra  2017-ci ildə ilk dəfə olaraq Qax Damazlıq Baramaçılıq Stansiyasından gətirilmiş 500 qram ipəkqurdu toxumu  rayondan olan 33 kümçü arasında paylanılmışdır. Uzun illərdən sonra ilk dəfə ibəkqurdu saxlayan rayon sakinləri ümumilikdə 1 ton 413 kiloqram barama tədarük edərək “Azəripək” MMC-yə təhvil vermişlər.
   Baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi Cəbrayıllı kümdarların bu sahəyə marağını xeyli artırmış, onlar əvvəlki illərlə müqayisədə bu il ipəkqurdu  bəsləməyə daha çox maraq göstərmişlər.
   Bunu nəzərə alaraq rayon İcra hakimiyyətində aidiyyəti idarə və təşkilatların nümayəndələrinin və fermerlərin iştirakı ilə geniş müşavirə keçirilmiş, ötən ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir. Ötən ilki mövsümdə əldə edilmiş yüksək nəticənin bu il daha da yaxşılaşdırılması üçün bu sahəyə məsul şəxslərə konkret tapşırıqlar verilmişdir.
   İpəkqurdu üçün yem bazasının genişləndirilməsi məqsədi ilə cari ilin dekabr ayında  dövlət vəsaiti hesabına rayonumuz üçün ayrılmış 51 min ədəd yerli və Cin Xalq Respublikasından ölkəyə  idxal edilmiş 27 min ədəd tut tingi rayona gətirlmişdir. Tinglər müəyyən edilmiş bölgü əsasında   baramaçılıqla məşğul olacaq sakinlərə paylanmış, onlar üçün əvvəlcədən ayrılmış sahələrdə əkilmiş və becərilməsi nəzarətə götürülmüşdür. 
 
 
Keçidlər