Şriftin ölçüsü :

Saytın rəngi :

Mir Cəlal Paşayevin hekayələri əsasında hazırlanmış “Xatirələr” tamaşası Cocuq Mərcanlıda nümayiş olunub

06 iyun 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

Nümayəndə heyətinin üzvləri əvvəlcə Horadiz-Cocuq Mərcanlı yolunun kənarında yerləşən  Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Gənclərə Aprel döyüşləri, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib.

Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Cocuq Mərcanlıda görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə tədbir keçirilib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva maarifləndirici proqramın əhəmiyyətindən danışaraq, Bilik Fondunun əməkdaşlarının Cocuq Mərcanlıya artıq bir neçə dəfə səfər etdiyini vurğulayıb. F.İbayeva XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas alim kimi müstəsna və özünəməxsus yer tutduğunu deyib.

Azərbaycan Dövlət Pedaqoji kollecinin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.

Tədbirdə dərnəyin bədii rəhbəri, Xalq Artisti Məmməd Səfanın Mir Cəlal Paşayevin hekayələri əsasında hazırladığı “Xatirələr” tamaşası nümayiş olunub.

Yerli sakinlərin böyük maraqla qarşıladıqları tamaşada dram dərnəyinin üzvü olan 17 tələbə rol alıb.

Nümayəndə heyəti şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şagirdlərlə görüşüb. Dərnək üzvləri məktəbdəki Heydər Əliyev guşəsi, Aprel şəhidlərinə həsr olunmuş stendlərlə tanış olublar. Təhsil ocağının kitabxanasına Azərbaycan Xalq Cümhuriyyəti tarixinə dair nəşrlər və Mir Cəlal Paşayevin müəllifi olduğu kitablar hədiyyə edilib.

Nümayəndə heyətinin üzvləri səfər çərçivəsində Şuşa məscidinin bənzəri olan Cocuq Mərcanlı kənd məscidi ilə tanış olublar.

Keçidlər