Şriftin ölçüsü :

Saytın rəngi :

Cocuq Mərcanlı sakinlərinin öz doğma yurdlarına köçürülməsinin növbəti mərhələsi başlayıb

31 may 2018 | 16:00

 

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinlərinin öz doğma yurdlarına köçürülməsinin növbəti mərhələsi başlayıb. Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cocuq Mərcanlı sakinləri növbəti mərhələdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa edilən 100 evə köçürülür.

Bu mərhələdə kənddə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, elektrik, su və qaz xətləri çəkilib. Bütün infrastruktura malik qəsəbədə sakinlərin yaşayışı üçün hər cür şərait yaradılıb.

 Cocuq Mərcanlıya qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi məqsədi ilə də dövlət tərəfindən lazımi tədbirlər görülür. Birinci mərhələdə kənddə məskunlaşan ailələr onlar üçün ayrılmış pay torpaqlarında cari ilin məhsulu üçün 40 hektar sahədə qarğıdalı, 10 hektarda şəkər çuğunduru, həmçinin bostan-tərəvəz bitkiləri əkiblər.  Əkin sahələrinin suvarma suyu ilə təminatı üçün Azərbaycan Respublikası  Prezidentinin müvafiq sərəncamlarına əsasən kənddə nasos stansiyası, suvarma kanalı inşa edilib. Əhalinin məşğulluğunun təmin edilməsi üçün Azərbaycan hökuməti ilə Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin birgə layihəsi çərçivəsində Cocuq Mərcanlıda heyvandarlıq kompleksi, tərəvəz yetişdirmək üçün 15 ədəd istixana, həmçinin suvenir hazırlayan müəssisənin yaradılması da nəzərdə tutulur.

İyirmi beş ildir respublikanın müxtəlif bölgələrində şəraitsiz binalarda məskunlaşmış Cocuq Mərcanlı sakinləri uzun həsrətdən sonra doğma kəndlərinə qayıdırlar. Kənd sakinləri bu sevinci onlara bəxş edən Ölkə Başçısına minnətdarlıqlarını bildirir, digər məcburi köçkünlərin də tezliklə öz ata-baba yurdlarına qayıtmasını arzulayırlar.

Keçidlər