Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin yekunları və 2018-ci ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir

07 fevral 2018 | 16:00

06 fevral 2018-ci il tarixdə Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 4 №-li qəsəbə klubunda Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin yekunu və 2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir.

Yığıncaq iştirakçıları 4 saylı qəsəbə ərazisindəki Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad etdilər.

Sonra tədbir 4 saylı qəsəbə klubunda davam etdirilmişdir. İclasda Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov  hesabat məruzəsi ilə çıxış etmişdir.

RİH başçısı qeyd etmişdir ki, 2017-ci il ölkəmizdə olduğu kimi rayonumuzun da ictimai, siyasi və mədəni həyatında bir sıra əlamətdar hadisələrlə yadda qalmışdır. Milli ordumuzun 2016-cı ilin aprel ayında keçirdiyi əks hücum nəticəsində  Cəbrayıl və Füzuli rayonları istiqamətində geniş ərazini nəzarətdə saxlayan “Lələ təpə” yüksəkliyi erməni hərbi birləşmələrindən azad edildilkdən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz döğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ildə Cocuq Mərcanlı kəndi ilə bağlı bir neçə silsilə sərəncamlar imzalamışdır. Çox böyük tarixi və siyasi əhəmiyyət kəsb edən bu Sərəncamların dördü kəndin bərpası, biri isə doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəlməsində göstərdiyi şəxsi nümunəyə görə Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyevin “1-ci dərəcəli Əmək ordeni" ilə təltif edilməsi barədə olmuşdur.

Cənab Prezidentin Qarabağa böyük qayıdışın başlanğıcını qoymuş olduğu “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən kənddə ilkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, Şuşa məscidinin bənzəri olan məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin və “Azərsu” ASC-nin yerli idarələrinin binaları inşa edilmiş, qaz, elektrik, içməli su, rabitə telefon xətləri çəkilmişdir.

Horadiz şəhərindən hazırda işğal altında olan Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarına qədər uzanan magistral yoldan Cocuq Mərcanlı kəndinə yol çəkilməsi  üçün 10 fevral 2017-ci il tarixli Sərəncamla “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 4.3 milyon manat vəsait ayrılmış və kəndə qısa müddət ərzində 9 km uzunluğunda asfalt örtüklü yol çəkilərək burada məskunlaşdırılan sakinlərin və Cocuq Mərcanlıya gələn qonaqların istifadəsinə verilmişdir.

Bərpadan sonra Ölkə başçısı 14 iyun 2017-ci il tarixdə Cocuq Mərcanlı kəndinin açılışında şəxsən özü iştirak edərək birinci mərhələdə 50 Cocuq Mərcanlı ailəsinin öz doğma kəndinə qayıtmasına xeyr dua vermişdir. 

Birinci mərhələnin başa çatdığını nəzərə alaraq Cənab Prezident “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli növbəti Sərəncam imzaladı. Məhz bu Sərəncama uyğun olaraq qısa zamanda kənddə əlavə 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, ərazi nümayəndəliyinin inzibati binası tikilərək istifadəyə verilmişdir. İkinci mərhələ üzrə Cocuq Mərcanlı kəndinə köçmək istəyində olan sakinlərin adlı siyahısı hazırlanaraq aidiyyəti üzrə Komitəyə təqdim edilmiş və yaxın müddətdə köçürmə prosesinə başlanacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bərpadan sonra Cocuq Mərcanlı kəndində məskunlaşan əhalinin kənd təsərrüfatı ilə məşğul olmalarını təmin etmək üçün əkin sahələrinə suvarma suyu çəkilməsi barədə 13 sentyabr 2017-ci il tarixli növbəti Sərəncam imzalamışdır. Hazırda kəndin əkin sahələrinə Araz çayından su çəkilməsi sürətlə davam etdirilir. Layihə üzrə görüləcək işlərin ümumi həcminin indiyə qədər 80 fazi icra edilmiş və yaxın aylarda obyektin tam istifadəyə verilməsi nəzərdə tutulur.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin köçkünlərə qayğısı təkcə Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı olmamışdır. Məhz Ölkə başçısının və Azərbaycanın birinci vitse-Prezidenti Mehriban xanım Əliyevanın diqqəti sayəsində ağır şəraitdə yaşayan Cəbrayıllı köçkün ailələri ev və mənzillərlə təmin olundu, onlara verilən aylıq müavinətin məbləği  kommunal xərclərlə birlikdə hər adambaşına 20 manatdan 36 manata, qazdan istifadə etməyən məcburi köçkünlərin aylıq enerji limiti isə 150 kilovatdan 300 kilovata qaldırıldı.

Bunlarla yanaşı 2017-ci ildə əhalimizin kompakt yaşadığı Biləsuvar rayonu ərzisində salınmış 4456 evdən ibarət 11 köçkün qəsəbəsində həlli vacib olan problemlərin demək olar ki, əksəri öz həllini tapdı. Belə ki, Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə bu qəsəbələrin qısa müddət ərzində qazlaşdırılması nəticəsində rayon sakinlərinin məişət və istiliklə bağlı problemləri həll edildi.

Köçkün qəsəbələrində əhalinin istifadəsi üçün vacib olan yol problemi də cənab Prezidentin qayğısı sayəsində ötən il həll edildi. Ölkə başçısının “Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan on səkkiz min nəfər məcburi köçkünün məskunlaşdığı 11 yaşayış məntəqəsini birləşdirən Birinci–On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına uyğun olaraq ümumi uzunluğu 22.5 km olan magistral yolda əsaslı təmir işləri başa çatdırılmış, hərəkəti tənzimləyən nişanlar qoyulmuş, məlumatverici lövhələr yenilənmişdir.

2017-ci ildə əvvəlki ilə nisbətən rayon üzrə 48.9 % çox olmaqla ümumilikdə 25.5 milyon manatlıq ümumi daxili məhsul əldə olunmuş, o cümlədən 16.3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir.

2017-ci ildə rayon büdcəsinin gəlir və xərclərinin icrası mədaxil üzrə 2719,0 min manat proqnoza qarşı 2217,0 min manat və ya 81.5 faiz, məxaric üzrə 2722.8 min manat proqnoza qarşı 2135.1 min manat, yəni 78.4 faiz yerinə yetirilmişdir. Mədaxilin 1120.0 min manatı Maliyyə Nazirliyindən verilən dotasiya, 1094,1 min manatı isə yerli gəlirlərdən daxil olmuşdur. Yerli büdcəyə vergi daxilolmaları 1056.0 min manat proqnoza qarşı 1094.1 min manat və ya 103.6 faiz yerinə yetirilmişdir.

Hesabat ili ərzində rayon üzrə 1132 uşaq doğulmuş, 401 nəfər vətəndaşımız vəfat etmiş, 400 nikah, 112 boşanma qeydə alınmış, 291 nəfər rayonun qeydiyyatına gəlmiş, 58 nəfər isə qeydiyyatdan çıxmışdır. Ümumilikdə 731 nəfər təbii artım, 233 nəfər miqrasiya artımı olmaqla əhalinin sayı ilin sonuna 79930 nəfərə, ailələrin sayı isə 17581-ə çatmışdır. Ötən ilə nisbətən rayon əhalisinin sayı 964 nəfər və ya 1,2 faiz artmışdır.

Ölkə Prezidentinin aqrar sektora göstərdiyi stimullaşdırıcı dəstək rayonumuzun iqtisadiyyatında da öz bəhrəsini vermişdir. Rayon əhalisinin sıx məskunlaşdığı Biləsuvar rayonu ərazisindəki köçkün qəsəbələrində əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədi ilə ərazidə meliorasiya tədbirləri aparılmış, müasir suvarma-drenaj şəbəkəsi qurulmuş, Cənub Muğan (keçmiş Əzizbəyov) kanalı üzərində 3 ədəd nasos stansiyası quraşdırılmışdır. Məcburi köçkünlərimizin istifadəsinə verilmiş 4042 hektar sahəyə həmin nasoslar vasitəsilə suvarma suyu verilir.

Ötən təsərrüfat ilində həmin ərazidə, eləcə də əraziyə yaxın sahələrdə məcburi köçkünlərimiz tərəfindən 2962 hektarda payızlıq taxıl, 29 hektarda kartof, 71,8 hektarda pambıq, 2.5 hektarda şəkər çuğunduru, 16 hektarda dənlik qarğıdalı, 65 hektarda bostan-tərəvəz, 950 hektarda yonca becərilmişdir.

Kənd təsərrüfatı bitkilərinin aqrotexniki becərilməsi, əkinlərin suvarma suyu ilə təminatı, məhsul istehsalçılarının texniki tələbatının ödənilməsi nəzarətdə saxlanılmış, taxılın yığımı rayon qərargahının birbaşa iştirakı ilə aparılaraq yığım ümumilikdə 22 iş günündə başa çatdırlımıdır. 2017-ci ildə 9591 ton taxıl, 497.3 ton kartof, 964.8 ton tərəvəz, 80 ton bostan məhsulları, 93 ton şəkər çuğunduru, 177.2 ton pambıq istehsal edilmişdir. Hər hektardan 32.9 sentner taxıl, 171.5 sentner kartof, 158.2 sentner tərəvəz, 372 sentner şəkər çuğunduru, 24.7 sentner isə pambıq götürülmüşdür. Hesabat ilində rayonda 16.3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmiş, ümumdaxili məhsul buraxılışında aqrar sektorun payı 64 faiz təşkil etmişdir.

“Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 sentyabr tarixli 2337 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərimizin məşğulluğunun yaxşılaşdırılması və strateji məhsul olaraq barama istehsalının artırılması üçün 2016-17-ci illərin payızında rayona Çin Xalq Respublikasından gətirilmiş 20000 ədəd, daxili istehsaldan  isə 13000 ədəd olmaqla ümumilikdə 33000 ədəd tut tingi gətirilmişdir. Alınmış tinglər əvvəlcədən torpaq sahəsi ayrılmış şəxslərə bölünərək əkilməsi təmin edilmişdir.

Keçən il Ölkə əhalisinin heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsində daxili istehsalın xüsusi çəkisinin daha da artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, heyvandarlığın dayanıqlı və keyfiyyətli yem bazasının yaradılması üçün heyvandarlara lazımi dəstək verilmişdir. İl ərzində 6923 ton yonca otu, 1760 ton arpa, 84.6 ton qarğıdalı dəni, eləcə də 2000 tondan çox yaşıl kütlə şəklində yonca və qarğıdalı istehsal edilmişdir.

 Mal-qaranın məhsuldarlıq göstəricilərinin daha da yüksəldilməsi və damazlıq işinin yaxşılaşdırılması üçün süni mayalamanın müstəsna əhəmiyyəti nəzərə alınaraq ötən il 943 baş iribuynuzlu heyvanda süni mayalama aparılmış və  2017-ci ildə 454 baş sağlam buzov alınmışdır. Rayon üzrə iribuynuzlu heyvanların sayı 10512 başa, xırda buynuzlunun sayı 116.1 min başa, quşların sayı 128.1 min başa çatdırılmış, ət istehsalı diri çəkidə 2023 ton, süd istehsalı 7610 ton, yun istehsalı 152 ton, yumurta istehsalı 4.6 milyon ədəd olmuş, ət istehsalı 7.1%, süd istehsalı 6%, yumurta istehsalı 5% artmışdır. İribuynuzlu mal-qaranın tərkibində inək naxırının xüsusi çəkisi 39%-dən çox olmuşdur.

Kənd Təsərrüfatının inkişafına Dövlət dəstəyi çərçivəsində yanacaq və motor yağlarına görə 4215 nəfər məhsul istehsalçısına 217353.3 manat, təkrar əkin aparmış 270 nəfər istehsalçıya 7442 manat, barama istehsalına görə 1 nəfər istehsalçıya 240 manat subsidiya ödənilmişdir. Pambıq istehsalına görə 25 nəfər məhsul istehsalçısına 17715.28 manat və şəkər çuğunduru istehsalına görə 2 nəfər istehsalçıya 357.60 manat subsidiya ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin il ərzində süni mayalama yolu ilə alınmış buzovlara görə 348 nəfər heyvan sahibinin təsərrüfatında doğulmuş 413 baş buzova görə 41300 manat subsidiya ödənilmiş və 41 baş buzova görə isə 4100 manat hesablanaraq ödəniş üçün sənədlər nazirliyə təqdim edilmişdir.     

Ölkə Prezidentinin tapşırığına uyğun olaraq kənd təsərrüfatı texnikalarının ilkin dəyərinə 40% güzəştin tədbiq edilməsi istehsalçıların texniki təminatında olan problemləri əsasən həll etmişdir. Hazırda rayon üzrə vətəndaşlarımızda güzəştli şərtlərlə alınmış 100-ə yaxın müxtəlif kənd təsərrüfatı texnikası vardır. Güzəştli şərtlərlə alınmış və hələlik mülkiyyətə verilməmiş texnikaların fəaliyyəti nəzarətdə saxlanılır və onların dəyərinin ödənilməsində yaranan problemlərin həll edilməsində operativ köməkliklər göstərilir.

Cənab Prezidentin tapşırığına uyğun olaraq ölkəyə valyuta gətirən kənd təsərrüfatı məhsulların istehsalının daha da artırılması və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində tədbirlər 2018-ci ildə də davam etdirəcəkdir. Belə ki, cari ilin məhsulu üçün 2970 hektarda payızlıq taxıl əkini başa çatdırılmışdır. Cari ildə hədəfimiz kartofun əkin sahəsini 30 hektara, bostan-tərəvəz əkin sahəsini 65 hektara, pambıq əkin sahəsini 100 hektara çatdırmaqla taxıl istehsalını 10 min tona, pambıq istehsalını 250 tona, kartof istehsalını 500 tona, tərəvəz istehsalını 1000 tona, süni mayalandırılan heyvanların sayını ən azı min başa, ət istehsalını kəsilmiş çəkidə 1100 tona, süd istehsalını 7700 tona çatdırmaqdır. Barama istehsalında da perspektivlər araşdırılır. Hazırda 1 ton barama istehsalı üçün yem bazasının müəyyənləşdirilməsi, ipəkqurdu saxlayacaq kümçülərin siyahısı dəqiqləşdirilir. Cocuq Mərcanlı kəndində məskunlaşmış ailələrin istifadəsinə verilmiş torpaqlarda yazlıq əkinə hazırlıq işləri görülür, ərazidə pambıq, şəkər çuğunduru və tərəvəz əkinləri üçün qəbul müəssisələri ilə itehsalçıların ilkin görüşləri təşkil edilir.

Məruzə ətrafında Rayon Maliyyə şöbəsinin müdiri Famil Balayev, M.Mehdizadə adına tam orta məktəbin direktoru Şəlalə Qasımlı, Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamiq Həziyev və digərləri çıxış edərək 2017-ci ildə rəhbərlik etdikləri sahələrdə görülmüş işlər barədə məlumat vermişlər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 12-ci ərazi sektorunun müdiri  Ağaəli Əhmədov yığıncaqda çıxış etmişdir.

Sonra yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

 

Keçidlər