Şriftin ölçüsü :

Saytın rəngi :

“İdrak” liseyinin müəllim heyəti və şagirdləri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər ediblər

05 oktyabr 2017 | 16:00

Səfər iştirakçıları əvvəlcə aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsini anaraq “Lələtəpə” abidəsini ziyarət edib, daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi ilə görüşüblər.

Görüş zamanı “İdrak” liseyinin direktoru Mönsüm Alışov çıxış edərək bildirib ki, aprel döyüşlərində Azərbaycan əsgərinin göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı, ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Qeyd olunub ki, Prezident İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb və məhz dövlət başçısının xüsusi diqqəti nəticəsində qısa müddətdə kənddə böyük quruculuq işləri həyata keçirilib. Mönsüm Alışov məktəbin rəhbərliyini və pedaqoji kollektivi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib, onlara bu şərəfli işdə böyük nailiyyətlər arzulayıb.

“İdrak” liseyinin pedaqoji heyətinin nümayəndələri səfər zamanı həmkarları ilə fikir mübadiləsi aparıb, liseyin şagirdləri öz yaşıdları ilə həmsöhbət olub, dərslərdə iştirak ediblər.

Daha sonra “İdrak” liseyi adından gətirilmiş çoxsaylı dərs vəsaitləri, bədii ədəbiyyat, kompüter və proyektorlar məktəbə hədiyyə edilib.

Mönsüm Alışov bu əməkdaşlığın davamlı olacağını, “İdrak” liseyinin Cocuq Mərcanlı məktəbinə daim metodiki kömək göstərəcəyini, vaxtaşırı görüşlər, təlimlər, müxtəlif birgə layihələr həyata keçiriləcəyini, bu tədris ocağının “İdrak” liseyinə məxsus mediadərslər bazasından faydalanacağını deyib.

Sonda Cocuq Mərcanlı kənd orta məktəbinin direktoru Zamin Həziyev belə görüşün təşkil olunmasına görə qonaqlara minnətdarlığını bildirib.

 

 

 

 

 

Keçidlər